Nyu-York meri Zöhran Məmədaniyə qarşı 11 sentyabr terror hücumlarının 25-ci ildönümü mərasimində iştirak etməməsi tələbi ilə aparılan kampaniya ABŞ-da geniş mübahisələrə səbəb olub. Məmədaninin müsəlman olması ilə bağlı səsləndirilən fikirlər irqçilik və islamofobiya ittihamları ilə qarşılanıb.
ArabAZ xəbər verir ki, Nyu-Yorkun keçmiş meri və ABŞ Prezidenti Donald Trampın uzunmüddətli müttəfiqi Rudi Culiani Məmədaninin 11 sentyabr mərasimində iştirak etməməli olduğunu bildirib. Culiani çıxışında Məmədaninin müsəlman kimliyi ilə 2001-ci il hücumlarını həyata keçirən terrorçular arasında əsassız paralellər aparıb.
Nyu-York Şəhər Şurasının respublikaçı üzvü Viki Palladino da Məmədaninin mərasimə qatılmasına qarşı çıxıb. Məmədaninin tədbirdə iştirak etməməsi tələbi ilə başladılan müraciətə isə 100 minə yaxın imza toplandığı bildirilir.
Məmədani təzyiqlərə baxmayaraq, 11 sentyabr mərasimində iştirak edəcəyini açıqlayıb. O, əsas diqqətin 25 il əvvəl həyatını itirən insanların ailələrinə və faciə zamanı insanların həyatını xilas etmək üçün çalışan ilk müdaxilə qruplarına yönəldilməli olduğunu bildirib. Məmədani həmçinin Nyu-York meri olmaqdan qürur duyduğunu, şəhəri və ölkəni sevdiyini vurğulayıb.
Mübahisələr fonunda Demokratlar Partiyasının bəzi tanınmış nümayəndələri Məmədaniyə dəstək veriblər. Nyu-York ştatının qubernatoru Keti Hokul onun şəhərin meri kimi mərasimdə iştirak etməli olduğunu bildirib. Nyu-Yorkun baş prokuroru Letişa Ceyms də Məmədaninin tədbirdə olacağını müdafiə edib.
ABŞ Senatında demokratların lideri Çak Şumer də Culianinin mövqeyini tənqid edib. O bildirib ki, Məmədani Nyu-Yorkun meridir və təbii olaraq 11 sentyabr mərasimində iştirak etməlidir. Şumer Culianini cəmiyyətdə parçalanma yaratmaq əvəzinə insanları birləşdirməyə çağırıb.
Məmədani bundan əvvəl 11 sentyabrı Nyu-Yorkda hər il rəsmi “Anım və Xidmət Günü” kimi qeyd etməyi nəzərdə tutan sərəncam da imzalayıb. Şəhər rəhbəri eyni zamanda fövqəladə vəziyyətlərə hazırlığın gücləndirilməsi istiqamətində yeni tədbirlərin həyata keçirilməsinə göstəriş verib.
Məmədani ətrafında yaranmış mübahisə 11 sentyabr faciəsinin ildönümü ərəfəsində ABŞ-da müsəlmanların cəmiyyətdəki yeri, dini ayrı-seçkilik və islamofobiya məsələlərini yenidən siyasi gündəmin ön sıralarına çıxarıb.