Avropada təbii qazın qiyməti meqavat-saat üçün 80 avronu keçərək 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib və qış mövsümü ərəfəsində enerji təminatı ilə bağlı narahatlıqları artırıb.
ArabAZ xəbər verir ki, Avropanın əsas qaz qiymət göstəricisi olan Niderlandın TTF bazarında qiymət 80 avro həddinə yaxınlaşıb. Son artım Yaxın Şərqdə davam edən münaqişənin mayeləşdirilmiş təbii qaz tədarükünə təsiri ilə əlaqələndirilir.
Avropanın qaz anbarlarında ehtiyatların mövsümi göstəricilərdən aşağı olması qış qarşısında əlavə risk yaradır. Sentyabrın əvvəlində Avropadakı qaz anbarlarının doluluq səviyyəsinin təxminən 65–67 faiz olduğu bildirilir ki, bu da son 15 ilin ən aşağı göstəricilərindən biridir.
Qaz bazarındakı təzyiqin əsas səbəblərindən biri Qətərdən Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünün azalmasıdır. Yaxın Şərqdəki qarşıdurma və Hörmüz boğazında yaranan məhdudiyyətlər qlobal qaz daşımalarının sabitliyi ilə bağlı sualları artırıb.
Bazar iştirakçıları qış aylarında Avropada enerji tələbatının artacağını nəzərə alaraq qaz ehtiyatlarının kifayət edib-etməyəcəyini diqqətlə izləyirlər.
Qaz qiymətlərinin yüksəlməsi Avropa iqtisadiyyatı üçün əlavə inflyasiya təzyiqi yarada və enerji tutumlu sənaye sahələrinin xərclərini artıra bilər.