Avropa İttifaqı Qəzza zolağında fələstinlilərin məcburi şəkildə köçürülməsi ilə bağlı istənilən cəhdləri rədd etdiyini açıqlayıb. Brüssel Qəzzanın gələcək Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu bildirib.
ArabAZ xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Kristian Viqand cümə günü keçirilən mətbuat konfransında Aİ-nin Qəzza zolağında hər hansı demoqrafik və ya ərazi dəyişikliklərinə qarşı olduğunu bildirib.
Viqand qeyd edib ki, Qəzza sakinlərinin məcburi köçürülməsi yolverilməzdir və bölgənin gələcək Fələstin dövlətinin tərkib hissəsi kimi qalması vacibdir.
Avropa İttifaqının açıqlaması İsrailin müdafiə naziri İsrael Kats və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzza əhalisinin çıxarılması ilə bağlı planları gündəmə gətirdiyi bir vaxtda verilib.
İsrailin bəzi sağçı siyasətçiləri Qəzzadan fələstinlilərin “könüllü köç” adı altında çıxarılmasını təklif edirlər.
Beynəlxalq hüquqa əsasən, mülki əhalinin işğal olunmuş ərazilərdən zorla köçürülməsi qadağandır və bu cür addımlar müharibə cinayəti kimi qiymətləndirilə bilər.
Aİ bildirib ki, Qəzzada istənilən siyasi və ərazi dəyişiklikləri beynəlxalq hüquqa və bölgədə uzunmüddətli sülh perspektivinə uyğun olmalıdır.