Qətərin Qəzzanın Yenidən Qurulması üzrə Komitəsi sədrinin müavini səfir Xalid əl-Hardan Misir Ərəb Respublikasında yerləşən humanitar yardım anbarlarına baxış keçirib. Ziyarətin əsas məqsədi Qəzza zolağının sakinləri üçün nəzərdə tutulmuş yardım bağlamalarının hazırlanması və tədarükü prosesi ilə yerində tanış olmaqdır.
ArabAZ xəbər verir ki, səfir əl-Hardan səfər çərçivəsində ərzaq və tibbi yardım vasitələrinin qablaşdırılması, komplektləşdirilməsi və saxlanması mərhələlərini təftiş edib. O, bağlamalara əlavə olunan yeni çeşiddə ilkin tələbat malları, eləcə də yüklərin hazırlanması və Qəzzaya göndərilməsi ilə bağlı logistika mexanizmlərini izləyib. Qeyd olunub ki, bu prosedurlar təchizat zəncirinin nizamlı işləməsinə və dəstəyin ehtiyac sahiblərinə ləngimədən çatdırılmasına hesablanıb.
Bu addımlar Qəzza zolağında davam edən ağır humanitar böhran fonunda Qətər dövlətinin yerli əhalinin iztirablarını yüngülləşdirmək və onların ən zəruri tələbatlarını ödəmək məqsədilə göstərdiyi davamlı humanitar dəstək xəttinin tərkib hissəsidir.
Komitə sədrinin müavini yardımların hər an yola salınmağa hazır vəziyyətdə saxlanılması və prosesin tezləşdirilməsi üçün operativ koordinasiyanın vacibliyini vurğulayıb. Bildirilib ki, fasiləsiz tədarük anklav sakinlərinin artan humanitar ehtiyaclarına çevik cavab vermək baxımından həlledici rol oynayır.