Səudiyyə Ərəbistanında tikinti sektorunda aktivlik avqust ayında da artaraq ardıcıl dördüncü ay genişlənmə nümayiş etdirib.
Arab news xəbər verir ki,“alrajhi capital Saudi Construction Index” avqust ayında 55,4 bənd təşkil edib. İyulda bu göstərici 55,2 bənd olub. İndeksin 50 bənddən yuxarı olması sektorda artımı, aşağı olması isə daralmanı göstərir. Avqust göstəricisi indeksin yanvar ayında hesablanmağa başlanmasından bəri ikinci ən yüksək nəticə olub.
Tikinti sektorunun üç əsas istiqamətinin – infrastruktur, yaşayış və qeyri-yaşayış tikintisinin hamısında aktivlik artıb. İnfrastruktur sektorunda yeni sifarişlərin artımı fevraldan bəri ən yüksək səviyyəyə çatıb. Şirkətlərin satınalma fəaliyyəti də sorğunun başladığı vaxtdan bəri ən sürətli artımı göstərib.
Yaşayış tikintisi son dörd ayın üçündə olduğu kimi avqust ayında da sektorun ən sürətlə böyüyən istiqaməti olub. Bu sahənin indeksi 57,5 bənd təşkil edib. Şirkətlər artımı bazar şəraitinin yaxşılaşması, yeni layihələrin başlaması və iri şəhərsalma layihələrində işlərin genişlənməsi ilə əlaqələndirib.
İnfrastruktur sektorunda indeks 53,9 bənd, qeyri-yaşayış tikintisində isə 53,5 bənd olub. İnfrastruktur sahəsində artımı regional inkişaf layihələri, kommunal xidmətlərə investisiyalar, yeni yollar və nəqliyyat əlaqələrinin inkişafı dəstəkləyib.
Avqust ayında tikinti şirkətlərinin yeni sifarişləri də kəskin artıb. Güclü tələbin təsiri ilə məşğulluq səviyyəsi yüksəlib, satınalma fəaliyyəti sürətlənib. Təchizat zəncirində vəziyyət də dördüncü ay ardıcıl yaxşılaşıb, baxmayaraq ki, bəzi şirkətlər beynəlxalq daşımalarda gecikmələrin davam etdiyini bildiriblər.
Bununla yanaşı, avqust ayında tikinti materiallarının qiymət artımı iyul ayındakı üç aylıq minimumdan yüksəlib. Bu, əsasən nəqliyyat xərclərinin, həmçinin alüminium, mis və poladın qiymətlərinin artması ilə bağlı olub.
Sorğuda iştirak edən şirkətlərin gələn il üzrə gözləntiləri də müsbət olaraq qalıb. Onların 42 faizi ümumi biznes aktivliyinin artacağını, yalnız 7 faizi isə azalma gözlədiyini bildirib.