Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq İslam Fiqh Akademiyasının təşkilatçılığı ilə dini liderlərin qadınlara qarşı zorakılığın qarşısının alınmasında rolu mövzusunda sessiya keçirilib.
ArabAZ xəbər verir ki, sessiyada qadınların zorakılıqdan qorunması ilə bağlı hüquqi və ictimai məsələlər müzakirə olunub. İştirakçılar düzgün İslam hökmləri ilə dinə aid edilə bilən sosial praktikaları və yanlış şərhləri fərqləndirməyin vacibliyini vurğulayıblar.
Bildirilib ki, dini diskurs qadınların ləyaqətini qorumalı, ailənin möhkəmlənməsinə və cəmiyyətdə sabitliyin gücləndirilməsinə xidmət etməlidir. Bu baxımdan dini liderlərin ictimai şüurun formalaşdırılmasında mühüm məsuliyyət daşıdığı qeyd olunub.
Sessiyada dini təbliğat, maarifləndirmə və düzgün istiqamətləndirmə vasitəsilə qadınlara qarşı zorakılığa şərait yaradan praktikaların qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin qadınların cəmiyyətdəki statusu və hüquqları barədə məlumatlılığın artırılmasının əhəmiyyəti vurğulanıb.
Bir gün davam edən sessiya müxtəlif ölkələrdən alim, tədqiqatçı və mütəxəssislərin məruzələri və elmi müzakirələri ilə başa çatıb.