Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfər edəcəyi gözlənilir. Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və hərbi məsələlər üzrə geniş danışıqlar aparılacaq.
ArabAZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə suriyalı həmkarı Əsəd əş-Şeybani ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Fidan bildirib ki, səfər çərçivəsində Birgə Ali Komitənin qəbul etdiyi qərarlar və nəzərdə tutulan tədbirlər nəzərdən keçiriləcək. Daimi katiblik və sahəvi komitələr vasitəsilə fəaliyyət göstərəcək qurum enerji, qaçqınların geri qayıtması, təhsil və mədəniyyət məsələləri ilə məşğul olacaq.
Əsəd əş-Şeybani Suriyanın qaçqınların mütəşəkkil şəkildə geri qayıtması üçün mənzil, məşğulluq və nəqliyyat xidmətlərini əhatə edən proqram hazırladığını deyib. O, Suriyanın Ankaradakı səfirliyinin yaxın vaxtlarda fəaliyyətini bərpa edəcəyini də açıqlayıb.
Tərəflər Suriyanın suverenliyi, ərazi bütövlüyü və sabitliyinin qorunmasının vacibliyini vurğulayıblar. Hakan Fidan ölkədəki bütün silahlı qüvvələrin dövlət qurumlarına inteqrasiya edilməli olduğunu bildirib və Suriya Demokratik Qüvvələri ilə bağlı inteqrasiya qərarını mühüm addım adlandırıb.
Əş-Şeybaninin sözlərinə görə, Türkiyə ilə Suriya arasında indiyədək 40 saziş və anlaşma memorandumu imzalanıb, 22 nazirlik və dövlət qurumu arasında institusional əlaqələr yaradılıb. İki ölkə ötən il təxminən 4 milyard dollar olan ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırır.
Tərəflər, həmçinin qaz, elektrik enerjisi və enerji şəbəkələrinin birləşdirilməsini əhatə edən ümumi strategiya üzərində işləyirlər. Suriyanın gələcəkdə İordaniya, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və İraqı Türkiyə və Aralıq dənizi ilə birləşdirən mühüm nəqliyyat və enerji qovşağına çevrilməsi nəzərdə tutulur.