İran ABŞ və BƏƏ-ni “Azadlıq layihəsi” ilə bağlı xəbərdar edib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın həyata keçirdiyi “Azadlıq layihəsi” ilə bağlı sərt açıqlama verib. Qeyd edək ki, İran Silahlı Qüvvələri daha əvvəl ABŞ donanmasını Hörmüz boğazı ərazisinə daxil olmamaqla bağlı xəbərdar etmişdi. ABŞ isə Prezident Donald Trampın göstərişi ilə ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Azadlıq əməliyyatı”na start verib.
ABŞ İranın hücumu ilə bağlı iddiaları təkzib edib
CENTCOM İran qüvvələrinin ABŞ hərbi gəmisinə hücum etməsi ilə bağlı iddiaları təkzib edib. Məlumata görə, İran dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ gəmisini iki raketlə vurduğunu iddia etmişdi. Lakin CENTCOM bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Vaşinqtonla yeni qarşıdurma riski gündəmdədir - Tehran
İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlarından biri olan Məhəmməd Cafər Əsədi İran ilə ABŞ arasında yeni hərbi qarşıdurma ehtimalının olduğunu bildirib.Hatəmul-Ənbiya Mərkəzi Qərargahının əməliyyat üzrə komandan müavini Əsədi ölkəsinin istənilən hərbi təhdidə qarşı hazır vəziyyətdə olduğunu vurğulayıb. O, Amerika Birləşmiş Ştatlarının regiondakı hərbi fəallığına və bəyanatlarına diqqət çəkib. “İran ilə ABŞ arasında yeni bir münaqişə ehtimalı mövcuddur və faktlar göstərir ki, ABŞ heç bir sözə və ya razılaşmaya tam sadiq qalmır”- deyə o bildirib. Əsədi həmçinin ABŞ rəsmilərinin açıqlamalarını “əsasən media yönümlü və taktiki” adlandırıb.
ABŞ-ın hücumları “özünümüdafiə” deyil - İran XİN
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını “təcavüz aktı” kimi qiymətləndirib. O bildirib ki, Vaşinqtonun hücumları “özünümüdafiə” kimi təqdim etməsi əsassızdır və bu iddianın hüquqi əsasları yoxdur. Sözçü vurğulayıb ki, İran tərəfindən ABŞ-a qarşı hər hansı silahlı hücum həyata keçirilməyib.
İranda Xameneinin açıqlaması dəstəkləndi: Hörmüz boğazı mesajı
İranda ali dini lideri Müctəba Xamenei ABŞ və region ölkələrinə ünvanladığı bəyanatda İranın Hörmüz boğazında təhlükəsizliyi təmin edəcəyini və “xarici müdaxilələrin qarşısını alacağını” bildirib. Bildirilib ki, İran yaxın zamanda dəniz hərbi imkanlarını gücləndirməyi və yeni silah sistemlərini nümayiş etdirməyi planlaşdırır.
ABŞ hərbi rəhbərliyi Trampa İranla bağlı yeni planları təqdim edib
ABŞ hərbi rəhbərliyi Prezident Donald Trampa İranla bağlı yeni hərbi planlar təqdim edib. Keçirilən qapalı brifinqdə Mərkəzi Komandanlığın rəhbəri Bred Kuper və Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak edərək mümkün əməliyyat ssenarilərini izah ediblər.
ABŞ Hörmüz boğazında gəmilərin təhlükəsizliyi üçün beynəlxalq koalisiya qurur
Donald Tramp administrasiyası İranla gərginliyin davam etdiyi bir şəraitdə Hürmüz boğazında dəniz nəqliyyatını yenidən canlandırmaq üçün beynəlxalq koalisiya formalaşdırmağa başlayıb. ABŞ Dövlət Departamentinin rəsmisi Hürmüz boğazı ilə bağlı yeni koalisiya cəhdləri barədə yayılan xəbərləri təsdiqləyib. "Wall Street Journal" (WSJ) qəzetinin ilk olaraq paylaşdığı məlumata görə, yeni yaradılan "Dəniz Yolu Azadlığı Bölməsi" (MFC) gəmilərin bu sulardan təhlükəsiz keçidini təmin etmək üçün fəaliyyət göstərəcək. Qurum real vaxt rejimində məlumat mübadiləsi, təhlükəsizlik təlimatları və koordinasiya işlərini həyata keçirəcək.
ABŞ və İsrailin danışıqlar zamanı hücum etməsi etibarı tamamilə sarsıdıb - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar prosesində ABŞ və İsrailin hücumlarına məruz qaldığını xatırladaraq, bənzər cəhdlərin təkrarlanma ehtimalının hələ də qaldığını bildirib. "Fars" xəbər agentliyinin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Regional məsələlərin və ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Pezeşkian rəsmi Tehranın münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək tərəfdarı olduğunu vurğulayıb. Lakin o, acı təcrübəni də diqqətə çatdırıb: "İran məsuliyyət hissi çərçivəsində ixtilafları hər zaman diplomatiya yolu ilə həll etməyə çalışıb. Lakin danışıqlar getdiyi bir vaxtda ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir addımın yenidən atılma ehtimalı var".
Hörmüz boğazındakı gərginliyə ABŞ və İsrail cavabdehdir - Pezeşkian
İran prezidenti Məsud Pezeşkian Hörmüz boğazında yaranan təhlükəsizlik problemlərinə görə ABŞ və İsraili məsuliyyətli hesab etdiyini bildirib. Bildirilib ki, İran tərəfi “düşmən ölkələrin” regionda fəaliyyətinə qarşı mövqeyini müdafiə edərək, mövcud blokada qərarını əsaslandırmağa çalışır.
ABŞ ələ keçirdiyi İran gəmisindəki işçiləri azad edib - 6 heyət üzvü ölkəsinə qayıdıb
ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aprelin 19-da ələ keçirilən İrana məxsus "Touska" yük gəmisinin heyət üzvlərindən 6 nəfərinin sərbəst buraxıldığı bildirilib. İranın rəsmi "Tasnim" xəbər agentliyinə danışan adı açıqlanmayan rəsmi nümayəndə, gəmidə olan 28 heyət üzvündən 6-sının artıq azad edilərək İrana qayıtdığını təsdiqləyib. O, yerdə qalan 22 nəfərin də sərbəst buraxılması üçün diplomatik səylərin və rəsmi cəhdlərin davam etdiyini qeyd edib.
Dəniz blokadası İranla nüvə razılaşması əldə olunana qədər davam edəcək - Tramp
ABŞ Prezidenti Donald Tramp "Axios" xəbər platformasına verdiyi müsahibədə İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun narahatlıqlarını tam şəkildə aradan qaldıran bir razılaşma imzalanana qədər bu ölkəyə qarşı tətbiq edilən dəniz blokadasının davam edəcəyini bildirib. Prezident Tramp Tehranın "əvvəlcə Hörmüz boğazı açılsın, nüvə razılaşması isə sonraya qalsın" şəklindəki son təklifini qəti şəkildə rədd etdiklərini vurğulayıb. O, İran tərəfinin iqtisadi vəziyyətə görə razılığa gəlmək istədiyini, lakin nüvə silahı təhlükəsi aradan qalxmadan blokadanın qaldırılmayacağını qeyd edib.
Düşmən ölkəni daxildən çökdürməyi hədəfləyən yeni bir mərhələyə qədəm qoyub - İran
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin ölkəni daxildən zəiflətmək üçün yeni bir mərhələyə keçdiyini bildirib. Rəsmi IRNA agentliyinin məlumatına görə, Qalibaf bu strategiyanın dörd əsas istiqamət üzərində qurulduğunu vurğulayıb: dəniz blokadası, mediya vasitəsilə aparılan təbliğat, iqtisadi təzyiqlər və cəmiyyət daxilində nifaq salmaq cəhdləri.