ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli daha iki sanksiya qərarı açıqlayıb. Məhdudiyyətlər bir fiziki şəxs və Honkonqda yerləşən bir şirkəti əhatə edir. ABŞ tərəfi sanksiyaya məruz qalan şəxsin İranın “Bank Melli” bankı ilə əlaqəli olduğunu bildirir. Honkonq şirkətinin İranla əlaqələrinin təfərrüatları isə təqdim olunan məlumatda açıqlanmayıb. Yeni qərar Vaşinqtonun İrana iqtisadi təzyiqi artırdığı bir dövrə təsadüf edir. ABŞ əsas diqqəti İranın beynəlxalq maliyyə əlaqələrinin məhdudlaşdırılmasına yönəldir. Maliyyə naziri Skott Bessent həftənin əvvəlində İranın dünya üzrə maliyyə əlaqələrinə qarşı geniş iqtisadi təzyiq barədə xəbərdarlıq etmişdi. Son sanksiyalar bu siyasətin davam etdirildiyini göstərir.
Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib
Səudiyyə Ərəbistanı xarici birbaşa investisiyaların cəlb edilməsi sahəsində qlobal reytinqdə 13-cü yerə yüksəlib. BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatına görə, Krallıq 2025-ci ildə 33 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb edib. Bu, əvvəlki illə müqayisədə 51,14 faizlik artım deməkdir. Artım “Vizyon 2030” proqramı çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsi kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı 2030-cu ilədək illik xarici investisiya həcmini 100 milyard dollara çatdırmağı hədəfləyir. Eyni zamanda, BƏƏ və Qətər də regionda xarici kapital cəlbində irəliləyiş nümayiş etdirib. Qlobal xarici investisiya axını isə 2025-ci ildə 1,62 trilyon dollara yüksəlib.
Azərbaycanda ilk dəfə Dağ xizəyi üzrə Beynəlxalq turnir keçirilir
Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Çində Çikunqunya virusuna 225 yeni yoluxma halı qeydə alınıb
Çinin cənubundakı Quanqdun əyalətində 24–30 avqust tarixləri arasında çikunqunya virusuna 225 yeni yoluxma halı qeydə alınıb. Yoluxmaların 119-u iyulun əvvəlində xəstəliyin yayılmağa başladığı Foşan şəhərində, 49-u Quanqjouda, 16-sı Şençjendə, digərləri isə əyalətin digər şəhərlərində aşkar edilib. Bildirilir ki, bütün yoluxanlar xəstəliyi yüngül formada keçirir. Məlumata görə, Quanqdun əyalətində ağcaqanadların yaydığı bu virusla bağlı yoluxma hallarının azalma tendensiyası müşahidə olunur. Belə ki, avqustun 3–9-da 1 387, 10–16 avqustda 830, 16–23 avqustda isə 336 yoluxma qeydə alınmışdı.