ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır
ABŞ Yaxın Şərqdə son onilliklərin ən böyük hərbi qüvvə cəmləşmələrindən birini həyata keçirib. Bölgədə 50 mindən çox ABŞ hərbçisinin və 20 hərbi gəminin yerləşdirildiyi bildirilir. ABŞ rəsmiləri hərbi qüvvələrin yerləşdirilməsinin mütəmadi qiymətləndirildiyini açıqlayıblar. Bununla belə, yaxın zamanda ABŞ-nin bölgədəki hərbi mövcudluğunda ciddi dəyişiklik gözlənilmir. Vaşinqton Yaxın Şərqə əlavə təyyarədaşıyan gəmi, hərbi təyyarələr və silah-sursat göndərib. Donald Tramp İranın nüvə və ballistik raket imkanlarının məhv edilməsini əsas məqsədlər sırasında göstərib. ABŞ Prezidenti İranın hərbi dəniz qüvvələrinin demək olar ki, tamamilə sıradan çıxarıldığını və raket imkanlarının təxminən 90 faizinin məhv edildiyini iddia edir. Tramp eyni zamanda İrana qarşı hərbi gücdən yenidən istifadə imkanının gündəmdə qalacağını bildirib.
Yəmən hərbi dəniz qüvvələri Qırmızı dənizdə neft tankerinə hücumun qarşısının alındığını bildirib
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin hərbi dəniz qüvvələri Qırmızı dənizdə neft tankerinə qarşı partlayıcı qayıqla planlaşdırılan hücumun qarşısını aldıqlarını bildiriblər. Məlumata görə, Əl-Muxa yaxınlığında aşkarlanan qayıq hədəfə çatmamış partlayıb. Hökumət qüvvələri hücumun arxasında husilərin dayandığını iddia edir. Hadisə ilə bağlı itkilər barədə hələlik məlumat yoxdur.
SEPAH Hörmüz boğazında dörd gəmini dayandırdığını açıqlayıb
İran SEPAH-ı son 24 saat ərzində Hörmüz boğazında dörd gəmini dayandırdığını bildirib. Məlumata görə, bundan əvvəl gəmilərə xəbərdarlıq atəşi açılıb. İran tərəfi həmin gəmilərin boğazın cənub dəhlizi ilə hərəkət etdiyini və bu marşrutu təhlükəli hesab etdiyini açıqlayıb. SEPAH təsdiqlənməyən marşrutlardan istifadə edən gəmilərə qarşı qətiyyətli tədbirlər görüləcəyini bəyan edib. Hadisə Hörmüz boğazında gəmiçilik və qlobal enerji ticarəti ilə bağlı narahatlıqları artırıb. Məlumat İran dövlət televiziyasına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib. Dayandırılan gəmilərlə bağlı əlavə detallar açıqlanmayıb.
SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır
SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-ın bölgədəki dəniz qüvvələrinə qarşı əməliyyatın “sıfır saatı”nın yaxınlaşdığını iddia edib. İran dövlət televiziyası tərəfindən yayımlanan bəyanatda ABŞ qüvvələrinin hərəkətlərinin nəzarətdə olduğu bildirilib. SEPAH ABŞ hərbi texnikasının da izlənildiyini qeyd edib. Bəyanat “Gözləyin və görün” xəbərdarlığı ilə başa çatıb. İran mümkün əməliyyatın detalları barədə məlumat verməyib. CENTCOM isə hələlik açıqlamaya münasibət bildirməyib. İddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Bölgədə hərbi gərginlik yüksək səviyyədə qalır.
Abbas Əraqçi İran freqatına hücumu "qorxaqlıq əlaməti" adlandırıb
İranın xarici işlər naziri Abbas Əraqçi "İRİS Dena" freqatına hücumla bağlı sərt açıqlama verib. O bildirib ki, beynəlxalq sularda baş vermiş hadisə müharibə cinayəti kimi qiymətləndirilməlidir. Məlumata görə, hücum nəticəsində 87 nəfərin cəsədi dənizdən çıxarılıb. Əraqçi freqatın silahsız olduğunu və əvvəlcədən xəbərdarlıq edilmədən vurulduğunu iddia edib. Onun sözlərinə görə, belə bir hücum hərbi uğur deyil, qorxaqlığın göstəricisidir. İran rəsmisi hadisə ilə bağlı hüquqi tədbirlərin görüləcəyini də açıqlayıb. Tehran məsələ üzrə sübutların toplanması istiqamətində iş aparacağını bildirib.
Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?
Avropa İttifaqı Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda İranın hərbi qurumlarından birinə və iki İran vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib. Rəsmi açıqlamaya əsasən, qərar dəniz nəqliyyatının sərbəst hərəkətinə təhlükə yaradan fəaliyyətlərlə bağlı irəli sürülən iddialara əsaslanır. Sanksiyalar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüzqan əyaləti üzrə komandanlığını, eləcə də iki iranlı rəsmiyi əhatə edir. Avropa İttifaqı bu addımı yeni sanksiya mexanizmi çərçivəsində atdığını və bunun ilk belə qərar olduğunu vurğulayıb. Dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazında baş verən hadisələr qlobal enerji bazarları tərəfindən yaxından izlənilir və bölgədəki hər hansı gərginlik beynəlxalq iqtisadiyyata təsir göstərə biləcək amillərdən biri hesab olunur.
İran: Son 24 saatda Hörmüz boğazından 20 gəmi keçib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 20 gəminin keçidinin İran qüvvələrinin koordinasiyası ilə həyata keçirildiyini bildirib. Açıqlama boğazın idarə olunması ilə bağlı Tehran və Vaşinqton arasında davam edən müzakirələr fonunda verilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin İran əleyhinə blokadası 85 ticarət gəmisinin marşrutunu dəyişdirib
ABŞ dəniz blokadası Hörmüz boğazı vasitəsilə hərəkət edən 85 ticarət gəmisinin marşrutunu dəyişməyə məcbur edib. İranın tranzit məhdudiyyətləri qlobal təchizat zəncirində ciddi şok yaradıb.
Britaniyalı dalğıclar Hörmüz boğazında minaların təmizlənməsi əməliyyatlarına hazırlaşırlar
Britaniyanın hərbi dalğıcları ehtiyac yaranacağı təqdirdə Hörmüz boğazında minaların təmizlənməsi əməliyyatlarını həyata keçirməyə hazırlaşırlar.
4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib
Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib. Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.