Hələb şəhərində Suriya ordusu ilə SDQ qüvvələri arasında silahlı toqquşmalar baş verib
Hələb şəhərində Suriya hökumət qüvvələri ilə kürd yönümlü və ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (SDQ) arasında silahlı toqquşmalar baş verib. Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, qarşıdurmalar nəticəsində azı üç mülki şəxs və bir hərbçi həlak olub, doqquz nəfər isə yaralanıb. Məlumata əsasən, SDQ qüvvələri Hələbin şərqində yerləşən Deyr Hafər ərazisində hərbi nəzarət-buraxılış məntəqəsinə pilotsuz uçuş aparatları ilə hücum edib. Hadisə nəticəsində üç hərbçi yaralanıb. Daha sonra Hələbin Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında ağır silahlardan atəş səsləri və intensiv döyüşlər qeydə alınıb.