ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran
İranın Xark adası ABŞ və İsrail tərəfindən bir neçə dəfə bombalansa da, zərbələr adada neft hasilatını dayandırmayıb. Bu barədə İran Milli Neft Şirkətinin baş direktoru məlumat verib. İranın yarırəsmi Fars agentliyinin məlumatına görə, rəsmi şəxs ABŞ Prezidenti Donald Trampın Xark adasının “tamamilə dağıdıldığı” barədə əvvəlki açıqlamasına cavab olaraq bildirib ki, adadakı işlər davam edir.
İraq Ceyhan limanı vasitəsilə ixracı artırır
İraq cənub neft yataqlarından xam neftin avtosisternlərlə daşınması yolu ilə Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracının gündəlik 750 min barelə çatdırılması planlaşdırılır. Bu plan eyni zamanda cənub limanları vasitəsilə də ixracın artırılmasını əhatə edir. İraq və Türkiyə strateji əhəmiyyətli İraq-Türkiyə neft boru kəməri vasitəsilə əməliyyatların davam etdirilməsi məqsədilə birillik qısamüddətli saziş imzalayıblar.
Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib
Hindistan bu ay ABŞ tərəfindən sanksiyaya məruz qalan və İranla əlaqələndirilən üç neft tankerini saxlayıb. Məlumata əsasən, saxlanılan gəmilər “Stellar Ruby”, “Asphalt Star” və “Al Jafzia” adlanır. Bildirilir ki, həmin tankerlər hüquq-mühafizə orqanlarından yayınmaq üçün tez-tez ad və qeydiyyat dəyişdiriblər. Onların sahiblərinin isə xaricdə yerləşdiyi qeyd olunur.