Texas qəzasından sonra ABŞ Apache təlimlərini dayandırıb
ABŞ ordusu Texas ştatında AH-64 Apache döyüş helikopterinin qəzaya uğraması və iki hərbçinin həlak olmasından sonra bu tip helikopterlərin bütün təlim uçuşlarını müvəqqəti dayandırıb. Ordu bildirib ki, uçuşlar qəzanın əsas səbəbləri müəyyənləşdirilənədək bərpa edilməyəcək. Qəzada 34 yaşlı Deontrey Hyui və 25 yaşlı Seth Olmsted həyatını itirib. Hadisənin təlim zamanı, yoxsa bir məntəqədən digərinə uçuş zamanı baş verdiyi hələ müəyyən edilməyib.
Qətərdə helikopter qəzası: Türk mayoru və ASELSAN mühəndisləri şəhid olub
Qətər sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində aralarında Türkiyə Silahlı Qüvvələrinin zabiti və ASELSAN şirkətinin mütəxəssislərinin də olduğu 6 nəfər şəhid olub. Hadisə 21 mart axşam saatlarında Qətərin ərazi sularında baş verib. Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi bəyanatına görə, Qətər-Türk Birləşmiş Müştərək Qüvvə Komandanlığı çərçivəsində təlim fəaliyyətləri həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb.