Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib
Küveyt hökumətinə “Gələcək Nəsillər Ehtiyat Fondu”ndan borc götürməyə imkan verən yeni qaydalar qəbul edilib. Borclanma dövlətin “Ümumi Ehtiyat”ının maliyyə imkanlarını dəstəkləmək məqsədi daşıyır. Fonddan vəsait cəlb edilməsi müvafiq nazirin təqdimatı və Nazirlər Kabinetinin qərarı ilə mümkün olacaq. Götürülən borc və ona hesablanan faizlər fondun aktivləri sırasında qeydə alınacaq. Dövlət büdcəsində gəlirlər xərcləri üstələdikdə borcun qaytarılmasına üstünlük veriləcək. İllik borclanma fondun son beş ildəki orta illik gəlirindən çox ola bilməz. Ümumi borc qalığı fondun xalis aktivlərinin 10 faizini keçməyəcək. Yeni mexanizmin əsas məqsədi dövlətin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, gələcək nəsillər üçün nəzərdə tutulan sərvətlərin qorunmasını təmin etməkdir.
Dünya Bankı: 2024-cü ildə Livana 8,5 milyard dollar zərər vurulub
Livanın davam edən müharibəsi ölkə iqtisadiyyatına ciddi təsir göstərir. Maliyyə naziri Yassin Caber bildirib ki, bu il iqtisadi artım 7–10 faiz arasında azala bilər və ümumi itkilər təxminən 20 milyard dollara çata bilər. 2024-cü ildə baş verən münaqişə artıq ölkəyə 8,5 milyard dollarlıq zərər vurub və real ÜDM 7,1 faiz azalıb. Hökumət evlərini tərk edən 1 milyondan çox insana dəstək üçün 50 milyon dollar ayırıb.