İran Prezident Administrasiyası dövlət televiziyasını senzurada ittiham edib
İran Prezident Administrasiyası dövlət yayımçısı IRIB-i Prezident Məsud Pezeşkianın açıqlamalarını senzura etməkdə ittiham edib. Müşahidə şurasının sözçüsü Məhəmməd Mirzayi dövlət televiziyasını daha geniş siyasi baxışlara yer verməyə çağırıb. O bildirib ki, IRIB milli birliyi gücləndirən platforma olmalıdır. Mirzayi rəhbərliyi gələcək yayım qalmaqallarının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. Mübahisə Prezident Pezeşkianın televiziya müsahibəsinin bəzi hissələrinin yayımlanmaması ilə bağlı yaranıb. IRIB hələlik bu iddialara münasibət bildirməyib. Hadisə İranda dövlət mediasının fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Çinin keçmiş mətbuat rəhbəri barəsində korrupsiya araşdırması başlanıb
Çində mətbuata və yayım sahəsinə nəzarət etmiş keçmiş yüksək vəzifəli Tsay Fuçao barəsində araşdırma başlanıb. O, intizam qaydalarını və qanunları ciddi şəkildə pozmaqda şübhəli bilinir. Tsay Fuçao uzun illər Çində nəşriyyat, televiziya, radio, kino və internet məzmununa nəzarət edən dövlət qurumuna rəhbərlik edib. O, Kommunist Partiyasının siyasi xəttinə uyğun senzura siyasətinin həyata keçirilməsinə cavabdeh olub. Keçmiş məmur həmçinin dövlət televiziya və radio qurumlarına rəhbərlik edib. Tsay Fuçao 2018-ci ildə bütün rəsmi vəzifələrindən ayrılıb. Onun barəsində başlanan araşdırmanın təfərrüatları hələlik açıqlanmayıb. Araşdırma Çində uzun illərdir davam edən korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılır.
Venesuelada media məhdudiyyətləri təcili aradan qaldırılmalıdır-BMT
BMT Venesuela hakimiyyətini media və informasiya resurslarına çıxışla bağlı məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırıb. Təşkilat bildirib ki, məlumat əldə etmək hüququ yaxın günlərdə həyat və ölüm məsələsinə çevrilə bilər. Açıqlamada sosial şəbəkələr və media blokadasının dərhal götürülməsi tələb olunub. BMT insan hüquqlarının qorunmasının bütün proseslərdə əsas olmasını vurğulayıb.