Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Serbiya Prezidenti Aleksandar Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı BMT-nin müharibə cinayətləri üzrə məhkəmə qurumunu tənqid edib. Mladiç 83 yaşında Haaqadakı saxlanma mərkəzində vəfat edib. O, Bosniya müharibəsi zamanı törədilmiş soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə ömürlük həbs cəzası çəkirdi. Mladiç ötən ay səhhəti ilə əlaqədar Serbiyaya buraxılması üçün müraciət etmişdi. Məhkəmə onun müraciətini rədd etmişdi. Vuçiç Mladiçin Serbiyada ölməsinə icazə verilməməsini “qeyri-sivil davranış” adlandırıb. Serbiya Prezidenti ailəsinin istəyi olacağı təqdirdə Mladiçin Serbiyada dəfninin təşkilinə kömək ediləcəyini bildirib. Belqrad hazırda onun nəşinin Serbiyaya qaytarılıb-qaytarılacağı barədə Haaqadan məlumat gözləyir.
Srebrenitsa soyqırımından 31 il ötür
1995-ci il iyulun 11-də Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində baş verən soyqırımı zamanı serb qüvvələri tərəfindən 8 372 bosniyalı müsəlman sistemli şəkildə qətlə yetirildi. Avropada İkinci Dünya müharibəsindən sonra baş vermiş ən ağır kütləvi qırğın hesab edilən Srebrenitsa soyqırımının bu il 31-ci ildönümü qeyd olunur.