İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirərək ABŞ gəmilərini hədəfə aldığını bildirir, Vaşinqton isə bu hücumların uğursuz olduğunu açıqlayır.
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran özünümüdafiə hüququnu qoruduğunu bildirərək beynəlxalq vasitəçiliyə açıq olduğunu, lakin ABŞ hücumları davam etdiyi müddətdə cavab zərbələrini dayandırmayacağını açıqlayıb.
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
ABŞ Mərkəzi Komandanlığı İranın iki ABŞ hərbi gəmisinə raket hücumundan sonra üç İran neftdaşıyan gəmisinə zərbə endirildiyini açıqlayıb.
İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib
İran daha 11 gəmini Hörmüz boğazından keçid qaydalarına əməl etmədikləri əsas gətirilərək qara siyahıya salıb. Bununla qadağan olunan gəmilərin ümumi sayı 56-ya çatıb. Tehran bir həftə əvvəl 45 tankerin boğazdakı qaydaları pozduğunu bildirmişdi. Siyahıda müxtəlif enerji məhsulları daşıyan gəmilər yer alır. İran qadağan olunmuş gəmilərlə əməkdaşlıq edən digər gəmilərin də qara siyahıya salınacağını xəbərdar edib. Siyahıdan çıxmaq istəyən gəmi sahibləri əsaslandırılmış rəsmi müraciət etməlidirlər. Bölgədəki gərginlik Hörmüz boğazından gəmi keçidlərinin sayının azalmasına səbəb olub. Mövcud vəziyyət dünya enerji daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırır.
İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb
İran Hörmüz boğazından keçid qaydalarını pozduğunu bildirdiyi 45 tankeri “qara siyahı”ya salıb. Tehran həmin gəmilərin gələcək keçidlərinə qarşı tədbirlər görüləcəyini açıqlayıb. Məhdudiyyətlər bu tankerlərlə yük ötürən digər gəmilərə də şamil oluna bilər. İran bütün gəmilərin adlarını hələlik açıqlamayıb. Tankerlərin konkret hansı qaydaları pozduğu barədə də ətraflı məlumat verilməyib. Qərar Hörmüz boğazında gərginliyin davam etdiyi bir dövrdə qəbul olunub. Eyni zamanda, ABŞ İrana qarşı yeni və daha sərt iqtisadi sanksiyalar hazırlayır. Qarşılıqlı addımlar regionda dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlığı artırır.
Çinin dövlət gəmiçilik şirkətləri neft tankerlərini Körfəzdən kənara yönəldib
Çinin dövlət nəzarətində olan iki böyük gəmiçilik şirkəti Yaxın Şərqin əsas dəniz keçidlərindən istifadəni məhdudlaşdırıb. Şirkətlər iyulun sonlarından tankerlərini Hörmüz və Bab əl-Məndəb boğazlarından uzaq saxlayırlar. Buna əsas səbəb bölgədə təhlükəsizlik risklərinin artmasıdır. Çin tankerləri neft yüklərini Körfəzdən kənarda, o cümlədən Füceyrə və Oman sahilləri yaxınlığında qəbul etməyə başlayıb. İki şirkətin ümumilikdə 100-dən çox iri neft tankeri var. Onların hər biri təxminən iki milyon barel neft daşıya bilir. Müharibədən əvvəl bu şirkətlər Çinin Yaxın Şərqdən neft idxalının təxminən yarısının daşınmasında iştirak edirdi. Yeni vəziyyət daşınma yollarının uzanmasına və nəqliyyat xərclərinin artmasına səbəb olur.
Hörmüz boğazında gəmi naməlum mərmi ilə vurulub
Hörmüz boğazından keçən gəmi naməlum mərminin zərbəsinə məruz qalıb, nəticədə mühərrik bölməsinə zərər dəyib və ekipaj üzvlərindən biri xəsarət alıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) bildirib ki, hadisə gəmi boğazdan çıxarkən baş verib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilib.
Səudiyyə Ərəbistanı Əbu-Dabinin neft tankerlərinə hücumu pisləyib
Səudiyyə Ərəbistanı Hörmüz boğazından keçən Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkətinə məxsus iki tankerə hücumu pisləyib. Ər-Riyad hücumların İran tərəfindən həyata keçirildiyini bildirib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hadisəni dəniz nəqliyyatı və qlobal enerji təchizatı üçün birbaşa təhdid adlandırıb. Nazirlik baş verənlərin nəticələrinə görə İranı tam məsuliyyət daşıyan tərəf hesab etdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı etirazını bildirib. Əbu-Dabinin Milli Neft Şirkəti iki gəmisinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını təsdiqləyib. Şirkət hadisənin nəzarət altına alındığını açıqlayıb. Hücum Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi və qlobal enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb.
Altı Səudiyyə neft tankeri Ədən körfəzində marşrutunu dəyişib
Altı Səudiyyə Ərəbistanı tankeri Ədən körfəzində marşrutunu dəyişərək Cənubi Afrika istiqamətinə yönəlib. Reuters-in istinad etdiyi gəmi izləmə məlumatlarına görə, tankerlər Bəbülməndəb boğazından keçməkdən imtina ediblər. Bu qərar husilərin Səudiyyə gəmilərinə qarşı təhdidləri fonunda qəbul olunub. Son həftələrdə Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı risklər artıb. Hadisələrin neft qiymətlərinin yüksəlməsinə də təsir göstərdiyi bildirilir. Husilər isə hücumları Səudiyyə Ərəbistanının tətbiq etdiyi mühasirəyə cavab kimi qiymətləndirirlər.
İran SEPAH-ı Hörmüz boğazında iki neft tankerini vuraraq dayandırdığını iddia edib
İran SEPAH-ı Hörmüz boğazında iki neft tankerini vuraraq dayandırdığını iddia edib. Tehran tankerlərin icazəsiz marşrutdan istifadə etdiyini bildirir. İranın məlumatına görə, tankerlər ABŞ hərbi qüvvələrinin havadan müşayiəti altında hərəkət edirdi. SEPAH daha dörd tankerin də marşrutunu dəyişdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı bu iddiaları hələ şərh etməyib. UKMTO da bölgədə hücum qeydə almadığını bildirib. Hadisə ilə bağlı müstəqil təsdiq hələlik yoxdur.
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib - Neft tankerləri və şirkətlər hədəfdədir
ABŞ İrana qarşı yeni sanksiyalar paketi tətbiq edib. Məhdudiyyətlər səkkiz neft tankeri və 10 hüquqi şəxsi əhatə edir. Vaşinqton bu addımın "maksimum təzyiq" siyasətinin tərkib hissəsi olduğunu bildirir. ABŞ sanksiyaların İranın neft gəlirlərini məhdudlaşdırmağa yönəldiyini iddia edir. Yeni qərar Yaxın Şərqdə gərginliyin artdığı dövrdə qəbul edilib. İran yeni sanksiyalarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb. Yeni sanksiyalar Yaxın Şərqdə gərginliyin artdığı, ABŞ və İran arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxta təsadüf edir. Eyni zamanda, Hörmüz boğazında yaranmış vəziyyət səbəbindən qlobal enerji tədarükündə ciddi çətinliklərin yarandığı bildirilir.
Hörmüz boğazında üç neft tankeri dayandırılıb - SEPAH
SEPAH Hörmüz boğazında üç neft tankerini dayandırdığını açıqlayıb. İran tərəfi gəmilərin xəbərdarlıqlara əməl etmədiyini iddia edir. Tankerlərin kimə məxsus olduğu və hadisənin təfərrüatları açıqlanmayıb. Tehran Omanın sahilləri boyunca alternativ marşrutu qəbul etmədiyini bir daha bəyan edib. SEPAH ABŞ-ın bölgədəki fəaliyyətini də tənqid edib. ABŞ və gəmi sahibləri hələlik bu iddialara münasibət bildirməyiblər.