İsrailin Suriyadakı basqınında 100-dən çox hərbçi iştirak edib
İsrail qüvvələri Suriyanın Qüneytra vilayətindəki Cubata əl-Xaşab yaşayış məntəqəsinə genişmiqyaslı basqın həyata keçirib. Suriya dövlət xəbər agentliyi SANA əməliyyatda 100-dən çox İsrail hərbçisinin iştirak etdiyini bildirib. Basqına 15 hərbi nəqliyyat vasitəsinin cəlb olunduğu qeyd edilir. Əməliyyat zamanı iki nəfərin saxlanıldığı bildirilir. Saxlanılan şəxslərin kimliyi və hara aparıldığı barədə məlumat verilməyib. SANA eyni zamanda İsrail qüvvələrinin Dəra vilayətinin qərbindəki Yərmuk hövzəsini atəşə tutduğunu açıqlayıb. Hücum nəticəsində mümkün insan itkisi və dağıntılar barədə hələlik məlumat yoxdur. Hadisələr Suriyanın cənubunda İsrailin hərbi fəaliyyətinin genişlənməsi ilə bağlı narahatlığı artırır.
İraq Kürdüstan Regionunun Prezidenti Dəməşqdə Əhməd əş-Şəra ilə görüşüb
İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şəra ilə görüşüb. Bu, Bərzaninin Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Suriyaya ilk səfəridir. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlər və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də iştirak edib. Liderlər regiondakı son vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bərzani və əş-Şəra bundan əvvəl iki dəfə Antalya Diplomatiya Forumunda görüşmüşdülər.