ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Vaşinqtonun Qəzza zolağı ilə bağlı təqdim etdiyi yeni qətnamə layihəsini dəstəkləyiblər. Məlumata görə, sənəd ikiillik keçid dövrü çərçivəsində Qəzzada beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsini və yeni idarəetmə orqanının — “Sülh Şurası”nın yaradılmasını nəzərdə tutur. Bu struktur vasitəsilə Qəzzaya nəzarətin HƏMAS-dan alınması və ərazinin tərksilah edilməsi planlaşdırılır.
BƏƏ və Rusiya biznes əməkdaşlığını genişləndirir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya şirkətlərinə ölkə daxilində 64 sahə üzrə yaradılacaq şirkətlərin kapitalında 100 faiz paya sahib olmaq hüququ verib. Paralel olaraq, BƏƏ şirkətləri də Rusiyada səhiyyə və təhsil sahələrində tam sərmayə imkanı, həmçinin pərakəndə ticarət, otelçilik və restoran biznesində filial açmaq hüququ əldə ediblər.
HAVELSAN BƏƏ-nin CALIDUS şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Türkiyənin texnologiya şirkəti HAVELSAN, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənayesi şirkəti CALIDUS tərəfindən hazırlanan B-250 yüngül hücum və təlim təyyarəsi üçün yeni əməkdaşlığa imza atıb. Bu əməkdaşlıq çərçivəsində Türkiyənin müdafiə sənayesində aparıcı şirkəti pilotların kokpitə oturmadan əvvəl bütün əməliyyat proseslərində yüksək səviyyədə ixtisaslaşmasını təmin edəcək. Bunun üçün CALIDUS ilə birlikdə B-250 təyyarəsi üçün hərtərəfli təlim ekosistemi qurulacaq. Hazırlanacaq yüksək dəqiqlikli simulyator infrastrukturu real əməliyyatların mürəkkəbliyini əks etdirəcək və pilotların yerüstü hazırlığını ən yüksək səviyyədə təmin edəcək.