Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Məhəmməd bin Zayed Su Təşəbbüsü qlobal su qıtlığı ilə mübarizə aparmaq üçün gənc əmirliklilərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Water Pioneers” proqramını başladıb.
ArabAZ xəbər verir ki,proqram su qıtlığı probleminin həlli üçün davamlı yanaşmaların hazırlanmasına töhfə verə biləcək istedadlı gənclər şəbəkəsinin formalaşdırılmasını nəzərdə tutur. İştirakçılara təhsil, bacarıqların inkişafı, bilik mübadiləsi və su məsələləri ilə bağlı milli və beynəlxalq müzakirələrdə iştirak imkanları yaradılacaq.
Proqramın ilk mərhələsinə 18-35 yaş arasında müxtəlif akademik və peşə sahələrini təmsil edən 15 gənc seçiləcək. Təşkilatçılar müxtəlif təcrübə və baxışların innovativ həllərin hazırlanmasına və sahələrarası əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirirlər.
Məhəmməd bin Zayed Su Təşəbbüsünün baş icraçı direktoru Aişə Əl-Ətiki bildirib ki, proqram su sektorunun gələcəyini formalaşdıracaq bilik, baxış və bacarıqlara malik yeni nəsil əmirliklilərin yetişdirilməsinə uzunmüddətli töhfə vermək məqsədi daşıyır.
O qeyd edib ki, su qıtlığı yalnız ekoloji deyil, həm də cəmiyyətlərin sabitliyinə və inkişaf imkanlarına təsir edən strateji problemdir. Proqram çərçivəsində gənclərin su məsələləri üzrə qlobal dialoqda iştirakına, innovasiya və əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaradılacaq.
Məlumata görə, dünyada su ehtiyatlarına tələbatın artması və iqlim dəyişikliyinin təsirləri fonunda davamlı su təchizatına qlobal tələbatın 2030-cu ilədək mövcud resursları 40 faizə qədər üstələyəcəyi proqnozlaşdırılır. Hazırda 2,2 milyard insan təhlükəsiz idarə olunan içməli suya, 3,5 milyard insan isə təhlükəsiz sanitariya xidmətlərinə çıxışdan məhrumdur. Təxminən 4 milyard insan isə ildə ən azı bir ay ciddi su qıtlığı ilə üzləşir.
“Water Pioneers” proqramına müraciətlər artıq açıqdır və ilk iştirakçılar üçün ərizələrin qəbulu 7 oktyabr 2026-cı ilədək davam edəcək.