Mərakeşli müğənni Əsma əl-Münəvvər 9 illik fasilədən sonra paytaxt Rabatda keçirilən 21-ci “Məvazin: Dünya Ritmləri” (Mawazine) festivalında yenidən səhnəyə çıxıb. Sənətçinin Şərq musiqisinə ayrılmış “Ən-Nəhda” platformasında baş tutan konserti böyük tamaşaçı kütləsinin iştirakı ilə keçib.
ArabAZ xəbər verir ki, səhnəyə ənənəvi Mərakeş qaftanı ilə çıxan Əsma əl-Münəvvər proqramına ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il FİFA Dünya Çempionatında iştirak edən Mərakeş milli futbol komandasına həsr olunmuş “Ha hna cina” (Biz gəldik) mahnısı ilə başlayıb. Müəllif bu kompozisiyanı ilk dəfə millinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı tarixi çıxışı zamanı təqdim etmişdi.
Bir saatdan çox davam edən konsert proqramında ifaçı “Səbiyyə”, “Safi”, “Conimar”, “Andu əl-zin”, “Seyyid əl-ğəram” və vaxtilə İraq müğənnisi Kazım əs-Sahirlə duet oxuduğu “Kun munsifən ya seyyidi əl-qadi” kimi populyar mahnılarını səsləndirib.
Festival çərçivəsində təşkil edilən mətbuat konfransında danışan Əsma əl-Münəvvər üzərində 3 ildən artıqdır çalışdığı yeni Xəlic (Körfəz) üslubundakı albomunun tamamlanma mərhələsində olduğunu bildirib. O, albomun hər bir detalına həssaslıqla yanaşdıqları üçün prosesin uzun çəkdiyini qeyd edib. Müğənni, həmçinin paralel olaraq 5 mahnıdan ibarət yeni Mərakeş albomu hazırladığını da diqqətə çatdırıb.
İyunun 19-da start götürən “Məvazin” festivalının ilk dörd günündə “Ən-Nəhda”, “Əs-Suveysi” və “Əbi Raqraq” kimi əsas platformalarda tamaşaçı fəallığı orta səviyyədə qeydə alınsa da, xalq musiqisinə ayrılmış “Sela çimərliyi” platformasında ciddi izdiham yaşanıb.
Qeyd edək ki, iyunun 27-nə qədər davam edəcək festivalın ötən günlərində Mayada əl-Hinnavi, Mərva Naci, Həsən Şakuş, Macid əl-Mühəndis və Nəsim Həddad kimi tanınmış simalar çıxış ediblər. Növbəti günlərdə isə Livan müğənnisi Vail Kfuri, Tamer Hüsni, Mərakeş bəstəkarı Əmin Budşar, eləcə də bir çox afrikalı və avropalı sənətçilərin konsertləri planlaşdırılır.
Festivalın iyunun 26-və 27-də keçiriləcək bağlanış konsertlərində əlcəzairli Şab Xalid, Mərakeş müğənnisi Duzi, əslən Mərakeşdən olan ispaniyalı repçi Morad və Qrandi Toto çıxış edəcəklər. Bu konsertlər Mərakeşin Afrika Millətlər Kuboku ərəfəsində tamamilə yenidən qurduğu və ən müasir texnologiyalarla təchiz etdiyi “Şahzadə Mövlay Abdulla” stadionunda baş tutacaq.

