BAKI,ArabAZ , Aliyə Məsnur – Suriyalı-livanlı yazıçı, jurnalist və siyasi aktivist. Beyrut Amerika Universitetində siyasi elmlər fakultəsinin məzunu
Suriya Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl mühüm bir məlumat açıqlayıb. Xüsusi bölmələr İraqla sərhəddə yerləşən Tanf keçid məntəqəsindən ölkəyə raket və xüsusi silahlar keçirilməsi cəhdinin qarşısını alıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu silah karvanı Suriya ərazisindən keçməklə Livandakı “Hizbullah” milislərinə çatdırılmalı idi. Sərhəd-Keçid Məntəqələri və Gömrük Baş İdarəsi silahların Banias şəhərinə gedən neft tankerlərindən birində gizlədildiyini bildirib. “Hizbullah” isə həmişəki kimi bu ittihamı tamamilə rədd edib.
Dəməşqin bu rəsmi açıqlaması Suriyanın Xarici İşlər Naziri Əsəd əş-Şeybaninin Beyruta səfərindən az sonra verilib. Səfər zamanı o və Suriya Prezidenti Əhməd əş-Şəraa “Hizbullah” ilə danışıqlar masasına oturmağın mümkünlüyünə dair müsbət mesajlar vermişdilər.
Bu, Suriya rəsmilərinin ələ keçirdiyi və ictimaiyyətə elan etdiyi ilk silah daşınması hadisəsi deyil. Bəzi tutulan karvanlar isə ölkə daxili təhlükəsizlik və Livandakı müharibənin gedişatı səbəbindən gizli saxlanılıb. Lakin son rəsmi bəyanat hadisənin özündən daha çox diqqət çəkib. Çünki bu addım Əhməd əş-Şəraanın Ankarada, NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşündən sonraya təsadüf edir. Tramp müsahibələrində dəfərlərlə vurğulayıb ki, İsrail və Livan dövləti bu problemi həll edə bilmədiyi üçün “Hizbullah” silahları məsələsini məhz əş-Şəraa həll etməlidir.
Prezident əş-Şəraa ölkəsinin Livana hərbi müdaxilə etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Buna baxmayaraq, Trampın bu məsələdə Dəməşqə təzyiq göstərməsi Vaşinqtonun Suriyadan gözlədiyi rolun sərhədləri barədə çoxlu suallar doğurur.
İranın cavabı isə gecikməyib. Suriya tərəfi silah karvanının tutduğunu elan etdikdən bir neçə saat sonra Tehran Suriya ərazisindəki Tanf bölgəsinə zərbələr endirib. İraq və İordaniya sərhəd üçbucağında yerləşən bu bazadan Vaşinqton bir müddət əvvəl öz qoşunlarını çıxararaq nəzarəti Suriya Ordusuna təhvil vermişdi.

Bu hücum Dəməşqə açıq bir mesaj idi. İran ABŞ-nin ona qarşı yenidən başlayan müharibəsinə cavab olaraq Suriyanı da hədəf dairəsində saxladığını göstərdi. Lakin Tanfın hədəf seçilməsi sadəcə köhnə ABŞ bazası olması ilə bağlı deyil. Bura hazırda Suriya hakimiyyətinin İraqdan Livana silah daşınmasının qarşısını aldığı ən həssas sərhəd nəzarət nöqtəsidir.
Suriyanın ilk növbədə öz sərhədlərini qoruması lazımdır. Regionda ABŞ-İran və İsrail-İran müharibəsi alovlanandan bəri Dəməşq öz ərazisini bu münaqişələrdən uzaq tutmağa çalışır. Bu, beynəlxalq tələbdən daha çox elə Suriyanın özünün həyati ehtiyacıdır.
Əş-Şəraa Livana hərbi müdaxiləni rədd etsə də, “Hizbullah” probleminin həllində Livana kömək edə biləcəklərini istisna etməyib. Müşahidəçilər Dəməşqin vaxtilə “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə əldə etdiyi razılaşma modelini Livanda “Hizbullah”a qarşı tətbiq edə biləcəyini düşünürlər.
Lakin bəzi oxşarlıqlara baxmayaraq, bu iki vəziyyət arasında çox ciddi fərqlər var. SDQ kürd icmasının, “Hizbullah” isə şiə icmasının yeganə təmsilçisi olduğunu iddia edir və hər ikisi öz silahını hüquqi təminat hesab edir. Əsas fərq isə regional və beynəlxalq şəraitdədir.
Əsəd rejimi devrildikdən sonra əş-Şəraa ərəb və beynəlxalq aləmdə legitimlik qazandı. Suriya terrorla mübarizədə beynəlxalq tərəfdaşa çevrildi və SDQ-ni dəstəkləyən ölkələr ona ehtiyacın azaldığını gördülər. “Hizbullah“ı idarə edən və ona əmr verən əsas qüvvə (İran) isə ondan imtina etməyib. Əksinə, 7 oktyabrdan bəri aldığı ardıcıl itkilər fonunda Tehrana bu milislər daha çox lazımdır. İran üçün ən böyük itkilərdən biri məhz Əsəd rejiminin çökməsi və Suriya kimi strateji keçid dəhlizinin əldən çıxması oldu.
“Hizbullah” sadəcə Livanın daxili problemi deyil; bu, Livan, Suriya, ərəb dünyası və qlobal güclərin kəsişdiyi mürəkkəb bir məsələdir. Trampın istədiyi kimi birbaşa Suriya müdaxiləsi və ya livanlıların onilliklər boyu apardığı nəticəsiz dialoqlar bu problemi həll edə bilməz. Çünki həmin dialoqlar yalnız “Hizbullah”ın daha da güclənməsinə şərait yaradıb.
Problemin kökü isə birbaşa Tehrandadır. Regionda vəziyyət bir ay əvvəlkindən qat-qat təhlükəlidir. Zəifləmiş İran öz daxili və xarici böhranlarından qaçmaq üçün region ölkələrini, o cümlədən Körfəz dövlətlərini müharibəyə sürükləməyə çalışacaq.
Bu gərgin şəraitdə Suriya çox həssas bir sınaq qarşısındadır. Dəməşq regional müharibənin tərəfinə çevrilmədən öz sərhədlərini necə qorumalı və silah tranzitinin qarşısını necə almalıdır? ABŞ-nin təzyiqləri ilə İranın təhdidləri arasında balansı necə saxlamalıdır? Bu sualların cavabı hələ də Yaxın Şərqin ən qaranlıq və çətin tapmacası olaraq qalır.

