Sananın dövlət məktəblərindən birinin həyətinin bir küncündə, qara libaslı bir qadın dayanıb. O, bir vaxtlar oğlunu burada səhər sırasına düzülərkən görməyə alışmışdı. Bu gün isə o, bura ana kimi deyil, həyatının qalan hissəsini ayaqda tutmağa çalışan bir təmizlikçi kimi qayıdıb. O, ağır bir sükutla yeri süpürür, sanki həyətin daşlarına pıçıldayır: “Mənim burada bir oğlum var idi; uşaq kimi getdi, meyit olaraq qayıtdı”.
Ana, oğlunun üzünü sıralarda görür, eyni zamanda əvvəllər tanış olmayan marşları və şüarları eşidir. Səssizcə dərk edir ki, buradakıların çoxu eyni yolu keçə bilər, amma heç nə demir. İki il əvvəl Ummu Amir 17 yaşlı yeganə oğlunu itirdi. Oğlu ona cansız bir meyit kimi, şəkli bir qutunun üzərinə bərkidilmiş halda qayıtdı. Ona dedilər: “Sevin, o, şəhidlik zirvəsinə ucalıb”. Xanım danışarkən oğlunun həmin yay düşərgəsinə qoşulduqdan sonra necə tədricən dəyişdiyini xatırlayır. O, daha səssizləşmiş, bəzən daha aqressiv olmuşdu; sanki yeganə yolu imiş kimi “cihad” və “qələbə” haqqında öyrəşmədiyi ifadələr işlədirdi. Nələr baş verdiyini anlamırdı, lakin oğlunun gözlərində onu özündən uzaqlara aparan bir baxış görmüşdü. Bu gün o, yalnız göz yaşlarını gizlicə silir və ailəni dolandıran oğlunu itirdikdən sonra, üç qızını saxlamaq üçün “şəhid anası” sifəti ilə aldığı süpürgəçi işinə davam edir.
Yay düşərgəsi – təbliğat cihazı
Dünya üçün bəlaya şevrilmiş İranın bəslədiy Husilərə bağlı yay mərkəzləri 2014-cü ildə Sananın ələ keçirilməsi ilə yaranmayıb, əksinə, qruplaşmanın özünün yaranması ilə bağlı tarixi bir yolun davamıdır. Bu mərkəzlərin başlanğıcı 90-cı illərin əvvəllərinə, konkret olaraq 1991-ci ilə dayanır. Həmin vaxt qruplaşma “Mömin Gənclər” (Əş-Şəbab əl-Mumin) çərçivəsində Sədə bölgəsində gənclər fəaliyyətləri və mövsümi kurslar təşkil edərək öz ideoloji xəttini təhsil halqaları və yay düşərgələri vasitəsilə ötürməyə başladı. Bu fəaliyyətlər təhsil və ideoloji tərbiyəni birləşdirən interaktiv mühit yaradaraq sosial və təşkilati baza qurmaq üçün ən erkən vasitələrdən biri oldu.
2004-cü ildən başlayan Sədə müharibələri ilə bu fəaliyyətlər keyfiyyət dəyişikliyinə uğradı; onlar artıq dini və ya təhsil sahəsi ilə məhdudlaşmır, müharibənin gətirdiyi xalq rəğbətindən yararlanaraq səfərbərlik və tərəfdar toplama alətlərinə çevrildi. 2008-ci ilə qədər qruplaşma bu fəaliyyəti qeyri-ənənəvi yollarla Sədə kənarına çıxarmağa başladı. Buraya yay mərkəzləri ilə bağlı mühazirələri və dərsləri ehtiva edən kiçik rəqəmsal daşıyıcıların (SD və USB) paylanması, həmçinin qruplaşmanın qurucusu Hüseyn Bədrəddin əl-Husinin mühazirələrinin (“Mülazəmə“) çap edilərək paylanması daxil idi.
ArabAZ xəbər verir ki, “Şərq əl-Avsat”a danışan Sanadakı yay mərkəzlərinin nəzarətçilərindən biri (adının gizli qalmasını istəyib) bildirib ki, 2008-ci ildə məktəblərdə müəyyən tələbələr arasında paylanan kiçik yaddaş kartları əldə edib və onların tərkibində Hüseyn əl-Husinin mühazirələrini tapıb. O, bu materialların qruplaşma ideyalarını qəbul etməsində dönüş nöqtəsi olduğunu qeyd edib.
2011-ci il hadisələri və fevral ayı ilə başlayan siyasi açılış anında bu fəaliyyətlər bir neçə vilayətə keçdi. “Rejimin dəyişdirilməsi” şüarı altında daha mütəşəkkil mərkəzlər və kurslar ortaya çıxdı. Dar dairələri aşaraq kitabxanaları və köşkləri “mülazəmə”lərlə doldurdular, hətta pulsuz şüarlar və stikerlər paylamaq üçün xüsusi köşklər qurdular, “zamil”ləri (hərbi marşlar) davamlı yayımlamaq üçün səsgücləndiricilər yerləşdirdilər. Ən böyük dönüş isə 2014-cü ildə Sananın ələ keçirilməsindən sonra baş verdi; yay mərkəzləri məhdud fəaliyyətlərdən dövlət müəssisələri vasitəsilə rəsmi şəkildə idarə olunan, bir neçə nazirliyin cəlb olunduğu geniş bir proqrama çevrildi. Bir təhlükəsizlik mənbəsi təsdiqləyir ki, qruplaşma indiki yay mərkəzləri formasından əvvəl gəncləri öz layihəsinə cəlb etmək üçün “mədəniyyət kursları” və “hövzələr”ə arxalanırdı.
Yay düşərgələrinin növləri
“Şərq əl-Avsat”ın əldə etdiyi məlumatlara görə, qruplaşma bu mərkəzləri üç növə bölür: Qapalı, Nümunəvi və Açıq.
Qapalı düşərgələr: Bunlar hərbi ideoloji kurslardır. Hərbi təlim mərkəzlərində keçirilir və iştirakçıların qruplaşma sıralarında döyüşçü kimi hazırlanmasına fokuslanır. Onlar ehtiyat qüvvə hesab olunurlar. Kurslara daxil olan kimi telefonları alınır, ailələri ilə əlaqələri kəsilir və gecə vaxtı vaxtaşırı dəyişdirilən təlim düşərgələrinə aparılırlar. Bunların hamısı məktəblərdə silah söküb-yığma təlimlərini bitirmiş orta məktəb şagirdləridir. Burada onlar yüngül və orta silahlardan, RPQ-dən, minaatanlardan istifadə etməyi və gizlənmə əməliyyatlarını öyrənirlər.
Nümunəvi düşərgələr: Adətən 10 yaşdan yuxarı olan, məktəb fəaliyyətlərində fərqlənən şagirdlər üçün nəzərdə tutulub. Şagird bütün həftəni düşərgədə qalır, ailəsi ilə əlaqə saxlamasına icazə verilir. Burada onlara qruplaşma liderlərinin, “Hizbullah” və İran “İnqilab Keşikçiləri”nin həyatı haqqında filmlər göstərilir, ideoloji mühazirələr oxunur.Eyni zamanda adının açıqlanmasını istəməyən valideynər qeyd edirlər ki, övladları bu düşərglərdən qayıtdıqdan sonra digər məzhəblər xüsusilə də sünni müsəlmanlara qarşı kin və nifrət bəsləməyə başlayır, Aişə, Ömər, Əbu Bəkir,Osman Xalid ibn Valid kimi səhabələri əthqir edirlər.
Açıq düşərgələr: 5-10 yaş arası uşaqlar üçündür. Səhər başlayıb günorta bitir. Kənardan Quran kursu və yay fəaliyyəti kimi görünür, buna görə də hər kəsin əlçatan olması üçün məktəb və məscidlərdə təşkil olunur. Amma uşaqlar burada “vilayət andı”nı, “sərxə” (şüar) və qruplaşma liderinə itaəti öyrənirlər.Qızlar da bu fəaliyyətlərdən istisna edilmir; qadınlar üçün xüsusi mərkəzlər fəaliyyət göstərir və bura “Ümumi Qadın Mədəniyyət Heyəti” tərəfindən idarə olunur.
“Sui-qəsd nəzəriyyəsi”nin təkmilləşdirilməsi
Qruplaşma öz xitabında yay mərkəzlərinin dinə və vətənə qarşı “sui-qəsdlərin” qarşısında bir qala olduğunu, “Quran mədəniyyəti”ni aşılamaq vasitəsi olduğunu iddia edir. Onlar həmçinin vurğulayırlar ki, “düşmənlə döyüş” yalnız hərbi sahədə deyil, həm də “şüuru hədəf almaq” sahəsindədir. Pedaqoji mənbələr qeyd edirlər ki, bu mərkəzlərin rəhbərləri şagirdləri cəlb etmək üçün yemək, gəzintilər və digər maddi-mənəvi stimullardan istifadə edirlər. Qruplaşmanın qurucusu Hüseyn əl-Husinin “Allahı tanımaq dərsləri”ndə qeyd olunduğu kimi, bu dərslərin ümumi məqsədi tələbələrin inancını möhkəmləndirmək və onları düşmənlərlə döyüşə sövq etməkdir.
Rəsmi kurikulumdan kənar dərslər
Bu il 28 martda başlayan mövsümdə Husilər öz yay mərkəzi proqramlarını yüksək keyfiyyətli çapla payladılar. Bu, normal təhsilin imkanlarının azaldığı, şagirdlərin dərslikləri qara bazardan aldığı bir vaxtda bu proqramlara nə qədər böyük resurs ayrıldığını göstərir. Bu kitabların üzərində “Yəmən Respublikası” və ya “Təhsil Nazirliyi” ifadəsi yoxdur, onlar “Quran Yürüşü – Yay Kursları Baş İdarəsi” adı altında çıxır. Mərkəzlərin adları da məktəblərin adları ilə deyil, “Əl-Hadi“, “Əl-Hüseyn“, “Fatima” kimi simvolik adlarla çağırılır.
Nazirlik xarakterli inzibati struktur
İdarəetmə strukturu çoxşaxəlidir: Təhsil, Gənclər və İdman, Vəqflər nazirlikləri və “Ümumi Səfərbərlik Heyəti” burada mərkəzi rol oynayır. Digər nazirliklər də tərəfdaş kimi iştirak edir; daxili işlər, kənd təsərrüfatı, səhiyyə, rabitə və texniki təhsil nazirlikləri öz sahələri üzrə proqramlara nəzarət edir. Bu mərkəzlər “Yay Kursları və Fəaliyyətləri üzrə Ali Komitə” tərəfindən idarə olunur ki, onun da rəhbəri Husilərin baş naziridir.
2026-cı ilin dönüşü
Yay mərkəzlərinin genişlənməsi illər ərzində tədricən baş verirdisə, 2026-cı il kəskin bir dönüş nöqtəsidir. Artıq bu mərkəzlər könüllü deyil, məcburidir. Şagirdlərin və valideynlərin ifadələrinə görə, onlara qarşı birbaşa və dolayısı təzyiqlər edilir, bəzən təhdidlər səviyyəsinə çatır. Ailələr çətin seçim qarşısındadır: ya tabe olmaq, ya da övladlarının gələcəyini riskə atmaq.
Rəsmi elan olunmasa da, bu, gündəlik reallığa çevrilib. Şagirdlərin yeni tədris ili üçün qəbulu və nəticələri bu fəaliyyətlərdə iştirakdan asılı vəziyyətə gətirilib. “WhatsApp” qruplarında müəllimlər və direktorlar xəbərdarlıq edirlər ki, yay mərkəzi sertifikatı olmayanlar qeydiyyata alınmayacaq. Məsələn, bir məktəb direktorunun müavini analara yazır: “Hörmətli analar, qeydiyyat yalnız yay mərkəzi sertifikatı ilə aparılacaq, xahiş edirik qeydiyyatdan keçməyənləri cəlb edəsiniz”. İbb şəhərindəki bir məktəb direktoru isə imtahan nəticələrinin verilməsini yay mərkəzində iştirak şərti ilə bağlayıb, hətta kəsilən şagirdlərə bu kurslara qatılacaqları təqdirdə əlavə ballar vəd edib.
Mənbələrə görə, qruplaşmanın bu sərt tədbirlərə əl atması valideynlərin və şagirdlərin bu mərkəzlərdən kütləvi şəkildə uzaqlaşması qorxusundan irəli gəlir. Müəllim Ə. Əbdülkərim bildirir ki, bütün tədbirlərə baxmayaraq, son vaxtlar iştirakçı sayında azalma müşahidə olunur. Yəmən Müəllimlər Birliyi isə bu mərkəzlərin milli kimliyi hədəf alan məzhəbçi təbliğat alətləri olduğu barədə xəbərdarlıq edib və bunu 12 aprel 2026-cı il tarixli bəyanatında pisləyib.
Baxımsız məktəblər və inkişaf edən mərkəzlər
Husilər bu mərkəzləri müharibə nəticəsində təhsildə yaranan çatışmazlığı kompensasiya edən bir “təhsil mənbəyi” kimi təsvir edirlər. Lakin müəllimlər bunu “günahından daha böyük bəhanə” hesab edirlər. Onlar sual verirlər: “Əgər qruplaşmanın rəsmi təhsil üzərində tam səlahiyyəti varsa və öz ideyalarını kurikulumlara salıbsa, niyə məktəbləri müəllimsiz, maaşsız və resursuz qoyaraq klinik ölüm vəziyyətinə tərk edir?”. Tədris ili boyu məktəblərin durğunluğu ilə yay mərkəzlərinin qəfil “çiçəklənməsi” və ora vəsait axıdılması arasındakı təzad ciddi suallar doğurur. Minlərlə məktəb ən sadə təhsil vasitələrindən məhrum olduğu halda, yay mərkəzləri böyük dəstəklə canlandırılır.

