Nyu-York şəhərinin meri Zohran Mamdani bu həftə bildirdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın en böyük şəhərinə səfər edəcəyi təqdirdə, hərbi cinayətlər ittihamı ilə onu həbs etmək üçün hüquqi səlahiyyətlərə malik deyil. Qeyd edək ki, Mamdani bundan əvvəl belə bir addımın atılması imkanlarını araşdırdığını bəyan etmişdi.
Nyu-York meri Zohran Mamdani BCM orderinə baxmayaraq Netanyahunu həbs etmək səlahiyyətinin olmadığını bildirib. Diplomatik immunitet və ABŞ qanunları buna imkan vermir.
Mamdani bu nəticəyə necə gəldiyinin təfərrüatlarını açıqlamadı. Müstəqil hüquq ekspertləri isə “Reuters” agentliyinə bildiriblər ki, Mamdaninin Netanyahunu həbs etmək səlahiyyəti yoxdur. Çünki Birləşmiş Ştatlar ümumilikdə dövlət rəhbərlərinin və BMT nümayəndələrinin toxunulmazlığını tanıyır və Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü deyil.
Məsələnin hüquqi tərəflərinə nəzər salaq:
Mamdani Netanyahunu nə üçün həbs etmək istəyirdi?
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ildə Qəzza müharibəsi zamanı hərbi cinayətlər törətmək ittihamı ilə Netanyahu haqqında həbs qətimkan tədbiri (order) çıxarıb. İsrail məhkəmənin yurisdiksiyasını rədd edir və hərbi cinayətlər törətdiyini təkzib edir.
Mamdani “The New York Times” qəzetinə verdiyi müsahibədə Netanyahunu “hərbi cinayətkar” adlandırıb və əlavə edib ki, şəhərin hüquq departamenti Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı qanunun həbsə icazə verib-vermədiyini ciddi şəkildə araşdırır.
Demokratlar Partiyasının nümayəndəsi olan Mamdani 2025-ci il noyabrın 4-də keçirilən mer seçkiləri ərəfəsindəki kampaniyası zamanı da bənzər bəyanatlar vermişdi. Lakin o, çərşənbə axşamı sosial mediada yerləşdirdiyi videoda belə bir səlahiyyətinin olmadığını etiraf etdi.
“Aydındır ki, bu orderi icra etmək üçün müstəqil hüquqi səlahiyyətimiz yoxdur”, – deyə Mamdani bildirib.
Məsələ ilə bağlı nə Mamdaninin ofisi, ne də İsrailin Vaşinqtondakı səfirliyi rəy sorğularına cavab verməyib.
Qanun nə deyir?
Beynəlxalq hüquq üzrə ekspertlər Mamdaninin Netanyahunu həbs etməsinə mane olan bir neçə səbəbin olduğunu bildirirlər.
Harvard Hüquq Məktəbinin professoru, BCM-in keçmiş prokuroru və ABŞ Ədliyyə Nazirliyinin keçmiş rəsmisi Aleks Vaytinq bildirib ki, ABŞ bu qurumun üzvü olmadığı üçün ölkə qanunvericiliyində məhkəmənin çıxardığı həbs orderlərini icra edəcək hər hansı mexanizm yoxdur.
Bundan əlavə, Vaytinq qeyd edib ki, ABŞ-da 2002-ci ildə qəbul edilmiş “Amerikalı hərbçilərin müdafiəsi haqqında Qanun” Vətəndaşlığından asılı olmayaraq, hər hansı bir şəxsin Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsini açıq şəkildə qadağan edir.
Kardozo Hüquq Məktəbinin professoru və ABŞ Dövlət Departamentinin keçmiş hüquqşünası Rebekka İnqber isə bildirib ki, Netanyahu kimi hazırda vəzifədə olan hökumət rəhbərləri ümumilikdə ABŞ məhkəmələri qarşısında həbsdən və məhkəmə təqibindən toxunulmazlıq hüququna malikdirlər. O əlavə edib ki, BMT-yə üzv dövlətlərin nümayəndələri də təşkilatın iclaslarında iştirak etmək üçün səfər edərkən və ya geri qayıdarkən bu toxunulmazlıqdan yararlanırlar.
Federal Hökumət Netanyahunu həbs edə bilərmi?
- Uber Səudiyyənin qida çatdırılması bazarını ələ keçirir
- Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi
- Qatar Airways Bəhreyn, Küveyt və Ərbilə uçuşları dayandırıb
- Liviyada küçədə qamçılanan qadın etiraza səbəb olub – video
- Lidd hücumunun icraçısı Kozo Okamoto Beyrutda vəfat etdi
Mamdani dərc etdiyi videoda Federal Hökuməti həbs orderini icra etməyə çağırıb.
Aleks Vaytinq bildirib ki, Federal Hökumətin Netanyahunu həbs edə bilməsi üçün ABŞ ilk növbədə Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmalı və “Amerikalı hərbçilərin müdafiəsi haqqında Qanun”u ləğv etməlidir. Vaytinq əlavə edib ki, hətta bu halda belə, BMT ilə ABŞ arasında imzalanmış və təşkilat nümayəndələrinə toxunulmazlıq verən saziş maneə olaraq qalacaq.
Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ Prezidenti Donald Tramp isə sosial mediada etdiyi paylaşımda Netanyahunun Birləşmiş Ştatlarda olarkən həbs edilməyəcəyini vurğulayıb.


