Yazıçı Salman Rüşdi 2022-ci ildə Nyu-Yorkdakı mədəniyyət institutunda keçirilən tədbirdə ona bıçaqla hücum edən şəxsin yeni məhkəmə prosesində ifadə verib. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
ArabAz xəbər verir ki, hücumu törədən 28 yaşlı Livan əsilli Amerika vətəndaşı Hadi Mətar ötən il Nyu-York ştatında qəsdən adam öldürməyə cəhd ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin ağır hücum nəticəsində Salman Rüşdi bir gözünün görmə qabiliyyətini itirmişdi.
Hadi Mətar hazırda Nyu-York ştatının şimal-qərbində yerləşən Baffalo şəhərindəki federal məhkəmədə terrorçuluqla bağlı ittihamlar üzrə mühakimə olunur.
İttiham tərəfi bildirir ki, Mətarın bu qəsdi törətməsinə səbəb İranın mərhum ali lideri Xomeyninin 1989-cu ildə verdiyi fətva olub. Həmin fətvada Rüşdinin “Şeytan ayələri” romanında peyğəmbəri təhqir etdiyi iddia olunaraq onun öldürülməsi tələb edilirdi.
Prokurorluq həmçinin Mətarı Birləşmiş Ştatlarda terror təşkilatı kimi tanınan Livan “Hizbullah” qruplaşmasını dəstəkləməkdə günahlandırır. İstintaqçılar onun evində həmin qruplaşmaya aid materiallar aşkar ediblər.

