Livanın keçmiş baş naziri və “Gələcək Hərəkatı”nın lideri Saad Əl-Hariri siyasətə qayıtdığını bəyan edib. 18 aprel 1970-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində anadan olan siyasi xadim mərhum baş nazir Rafiq Haririnin oğludur.
Saad Hariri 2009-2011 və 2016-2020-ci illərdə Livanın baş naziri vəzifəsində çalışıb. O, 2017-ci ildə Səudiyyə Ərəbistanında olarkən gözlənilmədən istefa verdiyini bildirmiş, lakin sonradan bu qərarını geri götürmüşdü. Siyasətçi 2019-cu ildə ölkədə baş qaldıran kütləvi etirazlar fonunda yenidən istefa verib. Hariri 2020-ci ildə baş nazir postuna yenidən təyin olunsa da, hökuməti formalaşdıra bilmədiyi üçün 2021-ci ildə vəzifədən imtina edib. Daha sonra, 2022-ci ildə siyasətdən uzaqlaşdığını və parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib.
Lakin 14 fevral 2025-ci ildə, atası Rafiq Haririnin sui-qəsdinin 20-ci ildönümündə Saad Hariri “Gələcək Hərəkatı”nın siyasi fəaliyyətini bərpa edəcəyini elan edib. O, partiyanın qarşıdakı seçkilərdə iştirak edəcəyini bildirib. Bu qərar Livanda və regionda baş verən mühüm dəyişikliklər fonunda qəbul edilib.
Xüsusilə “Hizbullah”ın zəifləməsi və Suriyada baş verən proseslər onun yenidən siyasi səhnəyə çıxmasına təsir edən əsas amillər sırasındadır.
Siyasətçi təhsilini ABŞ-da alıb. O, 1992-ci ildə Corctaun Universitetinin McDonough Biznes Məktəbini biznes idarəçiliyi ixtisası üzrə bitirib. Hariri ərəb, ingilis, fransız və italyan dillərində sərbəst danışır. Siyasətə qoşulmazdan əvvəl o, müxtəlif biznes sahələrində, o cümlədən “Oger Telecom” şirkətinin icra komitəsinin sədri kimi fəaliyyət göstərib.
Şəxsi həyatına gəldikdə, Saad Hariri 1998-ci ildə suriyalı iş adamı Bəşir əl-Azəmin qızı Lara əl-Azəm ilə ailə həyatı qurub. Cütlüyün Hüssam (1999), Lulva (2001) və Əbdüləziz (2005) adında üç övladı var.

