Dubay polisi əməliyyat və ictimai xidmətlərdə süni intellektin artan roluna uyğun olaraq müxtəlif tapşırıqların icrası üçün 36 ədəd RPA (Robotik Proseslərin Avtomatlaşdırılması) sistemini xidmətə daxil edib. "Proqram robototexnikası" kimi tanınan RPA texnologiyası insanların gündəlik həyatda yerinə yetirdiyi təkrarlanan və mexaniki işləri avtomatlaşdırılmış botlar vasitəsilə icra edir.
ArabAZ xəbər verir ki, proqram təminatlarının tətbiqi əmək məhsuldarlığını yüksəltmək və rutin iş yükünü azaltmaq yolu ilə polis əməkdaşlarının daha çox ixtisaslaşmış və analitik tapşırıqlara diqqət yetirməsinə şərait yaradır.
Dubay polisi cari il ərzində yüksək rəqəmsal etibarlılıq göstəriciləri qeydə alındığını açıqlayıb. Belə ki, ictimai xidmətlərin fasiləsizlik səviyyəsi 99,97 faizə, daxili sistemlərin işləmə davamlılığı isə 99,92 faizə çatıb.
Dubay polisinin qabaqcıl layihələrindən olan "Ağıllı polis bölmələri" (SPS) artıq hüquq-mühafizə xidmətlərini sakinlər üçün daha əlçatan, sürətli və çevik etmək məqsədilə bu texnologiyalardan geniş istifadə edir.
Rəsmi məlumatda qeyd olunur ki, qurum qərarların qəbul edilməsi prosesini asanlaşdırmaq və müraciətlərə reaksiya müddətini qısaltmaq məqsədilə polis, inzibati və əməliyyat sahələrində süni intellekt alətlərinin istifadəsini daha da genişləndirməyi planlaşdırır.