4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar Ərəb müğənniləri
Ərəb müğənniləri

Rok, pank və rai musiqisinin üsyankar siması - Rəşid Taha kimdir?

Rəşid Taha (18 sentyabr 1958 – 12 sentyabr 2018) — Fransada məskunlaşmış, musiqidəki cəsarətli eksperimentləri və aktivist fəaliyyəti ilə tanınan əlcəzairli sənətçidir. Onun yaradıcılığı rok, elektronika, pank və rai kimi fərqli üslubların sintezindən formalaşmışdır. Taha 18 sentyabr 1958-ci ildə Əlcəzairin Maskara vilayətinin Siq şəhərində anadan olub (digər mənbələrdə doğum yeri kimi Oran şəhəri göstərilir). Oran şəhəri “rai” musiqisinin beşiyi hesab olunur. Tahanın doğulduğu il həm də Əlcəzairin Fransa müstəmləkəçiliyinə qarşı müstəqillik mübarizəsinin ən qızğın dövrünə təsadüf edir. O, 1960-cı illərdə Əlcəzairin “şaabi” adlanan küçə üslublu musiqilərini və Məğrib bölgəsinin zəngin melodiyalarını dinləyərək böyümüşdür.

6 İyul 2026 16:31

Rəşid Taha və Ya Rayah – bu dəfə Azərbaycan dilində Bunu da oxuyun Rəşid Taha və Ya Rayah – bu dəfə Azərbaycan dilində

1968-ci ildə, 10 yaşında olarkən valideynləri ilə birlikdə Fransanın Lion şəhəri yaxınlığındakı mühacir məhəlləsinə köçüb. Atası toxuculuq fabrikində ağır şərtlərlə və az maaşla çalışan bir fəhlə idi. 17 yaşında Taha gündüzlər isitmə zavodunda ağır işlərdə çalışsa da, gecələr klublarda DJ-lik edir, ərəb musiqisindən repə, salsa və fanka qədər geniş repertuarla çıxış edirdi.

1970-ci illərin sonunda o, “The Rejects” (və ya “Les Refoulés”) adlı gecə klubunu açaraq, burada Led Zeppelin və Kraftwerk kimi qrupların ritmləri ilə ərəb pop klassiklərini miks etməyə başladı.

Rai musiqisinin kökləri

Taha əlcəzairli gənclərin öz qəzəb və arzularını ifadə etmək üçün istifadə etdikləri rai musiqisinin rok ilə sıx bağlı olduğunu düşünürdü. O, Mərakeşin “Nass El Ghiwane” qrupunun yaradıcılığından dərindən təsirlənmişdi.

Carte de Séjour qrupu

1981-ci ildə Lionda Məhəmməd və Muxtar Amini ilə tanış olan Taha, tezliklə “Carte de Séjour” (Yaşayış icazəsi) adlı rok qrupunu qurdu. Qrupun adı Fransadakı mühacirlərin statusuna işarə edirdi. Taha məşhur “The Clash” qrupundan ilham alırdı. 1981-ci ildə Parisdə bu qrupun üzvləri ilə qarşılaşan Taha onlara öz demo kasetini təqdim etmişdi. Təsadüfi deyil ki, bir neçə ay sonra “The Clash“ın məşhur “Rock the Casbah” hiti işıq üzü gördü. Taha zarafatla deyirdi ki, bəlkə də onlar həqiqətən mənim musiqimi dinləmişdilər.

Müvəffəqiyyətinə baxmayaraq, o illər çətin keçirdi; mağazalar “ərəblərin dükana doluşmasını istəmədikləri üçün” onların albomlarını satmaqdan imtina edirdilər. Taha 1940-cı illərin məşhur vətənpərvər fransız mahnısı “Douce France“ı (Şirin Fransa) kəskin bir kinayə ilə oxuyaraq mühacirlərə qarşı münasibətə etiraz etdi. Bu səbəbdən mahnı Fransa radiolarında qadağan olunsa da, ona böyük populyarlıq qazandırdı.

1989-cu ildə solo karyera üçün Parisə köçən Taha, Stiv Hillic (Steve Hillage) ilə işbirliyinə başladı. 1990-cı illərdə çıxardığı albomlarda Şimali Afrika kökləri ilə müasir klub musiqisini birləşdirdi. 1997-ci ildə “Ya Rayah” mahnısı ilə dünya hit-paradlarını fəth etdi.

2001-ci ildə “Made in Medina” albomunu Yeni Orlean, London və Parisdə yazdırdı. O, Yeni Orlean ilə Əlcəzair arasında oxşarlıqlar görürdü. Musiqisindəki siyasi motivlər və demokratik dəyişiklik tələbləri onu dünya miqyasında “üsyankar sənətçi” kimi tanıtdı. 2004-cü ildə “Tékitoi” (Sən kimsən?) albomu ilə böyük uğur qazandı və “The Clash”ın “Rock the Casbah” mahnısını ərəbcə “Rock El Casbah” kimi ifa etdi.

Taha karyerası boyu Karlos Santana, Robert Plant, Patti Smit və Brayan Eno kimi dünya ulduzları ilə eyni səhnəni paylaşıb. Onun mahnıları “Black Hawk Down” kimi məşhur Hollivud filmlərində və “Far Cry 2” kimi kompüter oyunlarında səslənib.

Rəşid Taha səmimi, gülərüz və macəraçı ruhlu bir insan kimi tanınırdı. O, mühacir məhəllələrinə qapanmağın əleyhinə idi və fərqli mədəniyyətlərin qovuşmasını müdafiə edirdi. 1987-ci ildə ona “Arnold-Kiari malformasiyası” diaqnozu qoyulmuşdu. Səhnədə müvazinətini itirdiyi üçün bəzən onu sərxoş hesab edirdilər, lakin o, bunun xəstəliyin simptomları olduğunu açıqlamışdı.

Rəşid Taha 12 sentyabr 2018-ci ildə, 60 illik yubileyinə cəmi 6 gün qalmış yuxuda ürək tutmasından vəfat etdi. Onun ölümündən sonra, 2019-cu ildə “Je suis Africain” (Mən afrikalıyam) adlı son albomu işıq üzü gördü.

Məqalədə: #Rəşid Taha #Rok #pank və rai musiqisi #Oran şəhəri #Əlcəzairin Maskara vilayəti #Carte de Séjour #Douce France #Steve Hillage #Rock El Casbah #Rock the Casbah #Robert Plant #Black Hawk Down #Je suis Africain

Mövzu üzrə digər xəbərlər

Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?
Ərəb müğənniləri

Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

23 Avqust 19:12
Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?
Ərəb müğənniləri

Səudiyyə musiqisinin yeni siması – DJ Mubarak kimdir?

18 Avqust 10:48
Dünyaya yayılan üsyan və azadlıq -Rai musiqisi
ArabLyrics

Dünyaya yayılan üsyan və azadlıq -Rai musiqisi

23 İyul 10:25
Rəşid Taha və Ya Rayah – bu dəfə Azərbaycan dilində
ArabLyrics

Rəşid Taha və Ya Rayah – bu dəfə Azərbaycan dilində

16 İyul 08:13

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.