İran ABŞ və onun üç Avropa müttəfiqinin ölkənin nüvə proqramı ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına təqdim etmək təşəbbüsünü tənqid edib. Tehran bu addımın uğursuzluğa məhkum olduğunu və Vaşinqtonla müttəfiqlərinə heç bir nəticə verməyəcəyini bildirib.
ArabAZ xəbər verir ki, İranın Vyanadakı BMT nümayəndəliyi cümə günü yaydığı açıqlamada ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Beynəlxalq Atom Enerjisi Agentliyində İranla bağlı qətnamə qəbul etdirmək cəhdini “ümidsiz addım” adlandırıb.
İran tərəfi bildirib ki, bu təşəbbüs Tehran üzərində beynəlxalq sanksiyaların bərpası ilə bağlı “geri qaytarma mexanizmi” gözləntilərinin tam uğursuzluğunu göstərir.
Açıqlamada qeyd olunub ki, ABŞ və Avropa ölkələrinin yeni addımı onlara heç bir siyasi və diplomatik üstünlük qazandırmayacaq.
Diplomatların məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin üzv ölkələrindən İranın nüvə öhdəlikləri ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına təqdim edən qətnaməyə dəstək vermələrini istəyir.
Bu addımın qəbul ediləcəyi təqdirdə İran məsələsinin təxminən 20 ildən sonra ilk dəfə BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılması gözlənilir.
Beynəlxalq Atom Enerjisi Agentliyi isə bu həftə İranın nüvə obyektlərinə çıxış əldə edilməsinin vacibliyini yenidən vurğulayıb.
Tehran nüvə proqramının dinc məqsədlər daşıdığını bildirir və ABŞ ilə Avropa ölkələrinin ittihamlarını rədd edir.