ABŞ-nin Livandakı səfirliyi İsrail tərəfindən Livan məhbuslarının azad edilməsini müsbət addım kimi qiymətləndirib. Livan Prezidenti Cozef Aun isə prosesdə göstərdiyi səylərə görə ABŞ səfirinə təşəkkür edib və digər saxlanılan şəxslərin də azad olunmasının vacibliyini vurğulayıb.
ArabAZ xəbər verir ki, ABŞ-nin Livandakı səfirliyi İsrailin məhbusların azad edilməsi qərarını “müsbət addım” adlandıraraq tərəfləri növbəti danışıqlar mərhələsi öncəsi bu istiqamətdə irəliləyişi davam etdirməyə çağırıb.
Livan Prezidenti Cozef Aun cümə günü Baabda sarayında ABŞ-nin Livandakı səfiri Maykl Ayzek və ABŞ Konqresinin xarici əlaqələr və silahlı qüvvələr komitələrinin üzvləri ilə görüşüb.
Prezident Aun İsrail tərəfindən saxlanılan Livan vətəndaşlarının azad edilməsində göstərdiyi səylərə görə ABŞ səfirinə təşəkkür edib.
Livan prezidentliyinin açıqlamasında bildirilib ki, Aun hələ də saxlanılan şəxslərin azad edilməsi prosesinin davam etdirilməsinin vacibliyini qeyd edib.
Məlumata görə, bu məsələ üçtərəfli danışıqlar zamanı əldə olunan razılaşmalar və çərçivə sazişinin icrası istiqamətində aparılan işlərin bir hissəsi kimi qiymətləndirilib.
Görüş zamanı ABŞ-nin Livan ordusuna göstərdiyi yardım və bu məqsədlə ABŞ Konqresində nəzərdə tutulan maliyyələşdirmə məsələləri də müzakirə olunub.
ABŞ səfirliyi tərəfləri əldə olunan irəliləyişi qorumağa və danışıqlar prosesini davam etdirməyə çağırıb.