Liviyanın Baş Qərargah rəisi, general-leytenant Salahəddin ən-Nəmruş Tripolidə italiyalı həmkarı, general-leytenant Luçano Portolano ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın, xüsusilə təlim və peşəkar hazırlıq sahələrində əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
ArabAZ xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra keçirilən ikitərəfli danışıqlarda hərbi kadrların hazırlanması, müdafiə imkanlarının artırılması və qarşılıqlı təcrübə mübadiləsi əsas müzakirə mövzuları olub.
Liviyanın Baş Qərargahının məlumatına görə, tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində indiyədək əldə edilmiş nəticələri də nəzərdən keçiriblər. Görüşdə mövcud əməkdaşlığın davam etdirilməsi və tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinin vacibliyi vurğulanıb.
Danışıqlardan sonra ən-Nəmruş və Portolano Liviyanın Müdafiə Nazirliyində nazir müavini, general-leytenant Əbdüssəlam əz-Zubi ilə də görüşüblər.
Bu görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən Liviya ilə İtaliya arasında hərbi və müdafiə sahələrində əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunub.