BAKI, VOA, Orxan Qədirzadə
İranın Fars körfəzi və regiondakı enerji infrastrukturu ilə bağlı hücumlarını genişləndirməsi fonunda dünya bazarlarında neft qiymətləri kəskin yüksəlib.
VOA xəbər verir ki, beynəlxalq enerji bazarlarında ticarət zamanı Brent markalı neftin fyuçersləri 6,41 dollar və ya 7 faiz artaraq bir barel üçün 98,45 dollara yüksəlib. Gün ərzində ticarət zamanı qiymət qısa müddətə 100 dollar səviyyəsini də keçib. ABŞ-ın Vest Texas İntermediate markalı xam nefti isə 5,98 dollar və ya 6,85 faiz bahalaşaraq bir barel üçün 93,23 dollar olub.
Qiymət artımı İranın Yaxın Şərqdə neft və nəqliyyat obyektlərinə hücumları intensivləşdirməsi və Hörmüz boğazı vasitəsilə neft daşımalarında mümkün fasilələr barədə narahatlıqların güclənməsi ilə əlaqələndirilir.
ABŞ energetika naziri Kris Rayt televiziya kanallarına açıqlamasında bildirib ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət etmir, lakin ayın sonuna qədər belə bir addımın atılması ehtimalı yüksəkdir.
Bazarlar artıq bir neçə gündür ki, Yaxın Şərqdə müharibənin enerji təchizatına təsirlərini qiymətləndirir. Həftənin əvvəlində Brent nefti bir barel üçün 119,50 dollar səviyyəsinə qədər yüksələrək 2022-ci ilin ortalarından bəri ən yüksək göstəricini qeydə almışdı. Daha sonra ABŞ prezidenti Donald Trampın İranla müharibənin tezliklə başa çata biləcəyi barədə açıqlaması fonunda qiymətlər qismən geriləmişdi.
Beynəlxalq Enerji Agentliyi bildirib ki, Yaxın Şərqdə müharibə qlobal bazar tarixində ən böyük neft təchizatı pozuntularından birinə səbəb olub. Agentliyin məlumatına görə, strateji ehtiyatlardan rekord həcmdə – 400 milyon barel neftin bazara buraxılması barədə qərar qəbul edilib.
Agentliyin aylıq hesabatında qeyd olunur ki, körfəz ölkələri ümumilikdə gündəlik neft hasilatını azı 10 milyon barel azaltmalı olub. Bu həcm qlobal neft tələbatının təxminən 10 faizinə bərabərdir.
Enerji bazarı analitikləri bildirirlər ki, strateji ehtiyatlardan buraxılması planlaşdırılan 400 milyon barel xam neft və neft məhsulları mövcud tədarük pozuntusunu yalnız təxminən 25 gün kompensasiya edə bilər.
Beynəlxalq investisiya bankı Qoldman Saksın proqnozuna görə, Brent neftinin orta qiyməti mart və aprel aylarında təxminən 98 dollar səviyyəsində olacaq və ilin dördüncü rübünə doğru 71 dollara qədər enə bilər. Bununla belə, Hörmüz boğazında daşımalar bir ay müddətinə dayandırılarsa, qiymətin həmin aylarda 110 dollar səviyyəsinə qədər yüksəlməsi ehtimalı var.
Analitiklər hesab edirlər ki, neft qiymətlərinin sabit şəkildə aşağı düşməsi yalnız Hörmüz boğazı vasitəsilə enerji daşımalarının bərpa olunması ilə mümkün olacaq. Əks halda bazarda yeni rekord qiymətlərin qeydə alınması ehtimalı qalır.
Bu arada təhlükəsizlik və liman mənbələrinin məlumatına görə, İranın partlayıcı maddələrlə yüklənmiş sürətli qayıqları İraq sularında iki yanacaq tankerinə hücum edib. Hadisə nəticəsində tankerlərdən biri yanıb və ekipaj üzvlərindən biri həlak olub. Bundan əlavə, körfəz sularında daha dörd gəminin mərmi zərbələrinə məruz qaldığı bildirilir.