Çin, İran və Rusiya ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramı ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq təşəbbüsünə qarşı birgə bəyanat yayıb.
ArabAZ xəbər verir ki, üç ölkə Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə obyektlərinə çıxış əldə edə bilməməsi ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına göndərmək cəhdinin hüquqi əsasının olmadığını və vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıdığını bildirib.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya BAEA Rəhbərlər Şurasını İranla bağlı məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çağırır.
Pekin, Tehran və Moskva İranın 2025-ci ildə BAEA-nın yoxlamaları ilə bağlı tələblərə əməl etmədiyi barədə nəticəni “siyasi motivli və əsassız” adlandırıb.
Üç ölkə İranın nüvə obyektlərinə BAEA müfəttişlərinin girişinin məhdudlaşdırılmasının əsas səbəbinin ABŞ və İsrail tərəfindən həmin obyektlərə endirilən hücumlar olduğunu bildirib.
Birgə bəyanatda bütün məsuliyyətli dövlətlərə layihə qətnaməsinin mümkün nəticələrini diqqətlə nəzərdən keçirmək və onun dəstəklənməsindən çəkinmək çağırışı edilib.
Çin, İran və Rusiya hesab edir ki, məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması diplomatik səylərlə ziddiyyət təşkil edir və nüvə məsələsi ətrafında gərginliyi daha da artıra bilər.