Bakı, AzerVoice/Orkhan Qadirzade
Tarix sübut etdi ki, Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı.
Bu sözləri AzerVoice -a verdiyi müsahibədə ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru dosent Naibə Əhmədova deyib.
Müsahibimiz deyib ki, Ermənistanın təcavüzkar hərəkətlərinin kriminal nəticələri təkcə ölkəmizin deyil, bütünlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik maraqlarını pozub.
“Azərbaycan tarixən geosiyasi və geostrateji əhəmiyyətinə görə dünyanın ən əlverişli bölgələrindən birində yerləşir. Avropa ilə Asiyanın qovşağında, şərq qəb sivilizasiyalarının kəsişməsində, qədim karvan yollarının üzərində qərar tutan Azərbaycan, lap qədim dövrlərdən yadellilərin, qonşu dövlətlərin marağını cəlb etmiş, öz azadlığı və müstəqilliyi uğrunda qanlı qadalı mübarizələr aparmalı olmuşdur. Bu mübarizə günümüzdə də davam edir”- deyə açıqlamasında bildirib.
Müstəqil Azərbaycan dövləti erməni işğalı altında olan doğma torpaqlarımızın tam azad edilməsi üçün qətiyyətli addımlar atdı.
“Hələ vaxtı ikən ümummilli liderimiz Heydər Əliyev demişdir, əsrlər boyu vətən-torpaq anlayışı xalqımızın ləyəqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır. Ulu babalarımız vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir. Ermənistanın təcavüzkar hərəkətlərinin kriminal nəticələri təbii ki, təkcə ölkəmizin deyil, bütünlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik maraqlarını pozmuşdur. Nəhayət 2020-ci il sentyabrın 27-sindən noyabrın 10-na kimi davam edən 2-ci Qarabağ vətən müharibəsi nəticəsində Azərbaycan ordusu erməni işğalçılarını ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı azad etdi, Tarixi qələbəyə imza atdı”- deyə o, bildirib.
Həmçinin müsahibimiz qeyd edib ki, 27 sentyabr 2020-ci il uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. Düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı mübarizəmizin gözəl nəticələrini, torpaqlarımızın işğaldan qurtarılmasını, o münbit torpaqlara əsl sahiblərinin qayıtmasını, bölgədə böyük siyasi iqtisadi proseslərinin çox tərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini ortaya qoydu.
“Tarix sübut etdi ki, Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı. Buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Azərbaycanın, ərazisinin 20%-ini itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu yox idi. Bu uğurda çox can verdik. Tarix yazan qəhrəman şəhidlərimizi böyük ehtiram və hörmətlə anırıq”- deyə sözlərinə əlavə edib.