İordaniya və Avstriya Suriyanın bərpası və yenidən qurulmasına dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
ArabAZ məlumat verir ki,İordaniyanın Baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi ilə Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisingerin Vyanada keçirilən görüşündə müzakirə olunub.
Tərəflər Suriyada sabitliyin təmin edilməsi, ölkənin bərpası və yenidən qurulması istiqamətində səylərin dəstəklənməsinin vacibliyini qeyd ediblər. Əs-Səfadi İordaniya və Avstriyanın Suriya hökumətinə dəstəyin davam etdirilməsinin zəruriliyi barədə razılaşdığını bildirib.
Görüşdə həmçinin Yaxın Şərqdə artan gərginlik, Livandakı vəziyyət və Qəzza zolağında humanitar durum müzakirə olunub. Tərəflər regional böhranların həllində diplomatiya və dialoqun üstün tutulmasının vacibliyini vurğulayıblar.
Avstriyanın xarici işlər naziri İordaniyanı regional təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm tərəfdaş kimi qiymətləndirib.