Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah Almaniyanın paytaxtı Berlində Almaniya Bundestaqının Alman-Ərəb Parlament Əlaqələri Qrupunun rəhbəri Aleksandr Radvan və bir sıra parlament üzvləri ilə görüşüb.
ArabAZ xəbər verir ki,görüşdə Səudiyyə Ərəbistanı ilə Almaniya arasındakı münasibətlər, Yaxın Şərqdəki əsas məsələlər və mövcud çağırışlar müzakirə olunub. Tərəflər, həmçinin Səudiyyə Ərəbistanı və tərəfdaş ölkələrin regiondakı böhranların hərtərəfli, ədalətli və dinc yollarla həllinə yönəlmiş səylərini nəzərdən keçiriblər.
Feysəl bin Fərhan Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe ilə də görüşüb. Tərəflər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və investisiya mübadiləsinin artırılması, eləcə də Səudiyyə Ərəbistanının “Vision 2030” proqramının məqsədlərinə uyğun yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi, enerji təhlükəsizliyi və dayanıqlılığının gücləndirilməsi, həmçinin təchizat zəncirlərinin davamlılığının artırılmasının vacibliyi vurğulanıb.
Tərəflər su yollarının təhlükəsizliyinin və kommersiya naviqasiyası azadlığının təmin edilməsinin vacibliyini də qeyd ediblər. Bildirilib ki, bu, mövcud böhranların təsirlərinin məhdudlaşdırılmasına, enerji bazarlarının və qlobal iqtisadiyyatın sabitliyinin dəstəklənməsinə kömək edə bilər.