Qətər inkişaf hüququnun fundamental insan hüquqlarından biri olduğunu bəyan edərək bu prinsipin 1986-cı ildə İnkişaf Hüququ haqqında Bəyannamənin qəbul edilməsi ilə beynəlxalq səviyyədə təsbit olunduğunu bildirib.
ArabAZ xəbər verir ki, Qətərin BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsinin müavini Əbdürrəhman Məhəmməd Fəxru bu barədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində İnkişaf Hüququ haqqında Bəyannamənin qəbulunun 40-cı ildönümünə həsr edilmiş müzakirədə çıxış edib.
Fəxru bildirib ki, bəyannamənin qəbulundan 40 il keçməsinə baxmayaraq, sənəddə əks olunan prinsip və meyarlar müasir dünyanın üzləşdiyi bir sıra problemlərin həlli baxımından mühüm əhəmiyyətini qoruyur.
Qətər nümayəndəsi 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi çərçivəsində inkişaf hüququnun təşviqinin həm beynəlxalq, həm də milli səviyyədə prioritet olaraq qalmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, inkişaf gündəliyi dövlətlərin beynəlxalq insan hüquqları sənədləri üzrə öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Fəxru qeyd edib ki, Qətər hərtərəfli inkişaf məqsədilə “Qətər Milli Baxışı 2030” strategiyasını qəbul edib və bu istiqamətdə milli inkişaf proqramlarını həyata keçirir. Onun sözlərinə görə, görülən tədbirlər ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləməsinə və bir sıra beynəlxalq və regional inkişaf göstəricilərində qabaqcıl mövqelərini qorumasına imkan verib.
Qətər rəsmisi ölkəsinin xarici siyasətində beynəlxalq əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib. Bu çərçivədə Qətərin 2023-cü ilin martında BMT-nin Ən Az İnkişaf Etmiş Ölkələr üzrə Beşinci Konfransına, 2025-ci ilin noyabrında isə İkinci Dünya Sosial İnkişaf Sammitinə ev sahibliyi etməsini xatırladıb.
Fəxru həmçinin Qətərin təbii fəlakətlərdən, münaqişələrdən və iqlim dəyişmələrindən zərər çəkən ölkələrə dəstəyini davam etdirdiyini bildirib. O, keyfiyyətli təhsilə sərmayələrin yatırılmasını, beynəlxalq tərəfdaşlarla müxtəlif inkişaf proqramları və təşəbbüslərinin həyata keçirilməsini Qətərin qabaqlayıcı həmrəylik siyasətinin əsas istiqamətləri sırasında göstərib.