Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Ciddə şəhərində yerləşən Əs-Salam sarayında ənənəvi qəbul mərasimi keçirib. Mərasimdə krallığın rəhbər şəxsləri, kral ailəsinin üzvləri, tanınmış din alimləri, nazirlər və sıravi vətəndaşlar iştirak ediblər.
Görüşdə kral ailəsinin nüfuzlu nümayəndələri, o cümlədən beynəlxalq səviyyəli iş adamı kimi tanınan Şahzadə Əl-Vəlid bin Təlal, Şahzadə Məşəl bin Səud, Şahzadə Mənsur bin Səud və Şahzadə Feysəl bin Musaəd iştirak ediblər. Qəbula həmçinin ölkənin təhlükəsizlik və idarəetmə strukturunun əsas fiqurları - Daxili İşlər naziri Şahzadə Əbdüləziz bin Səud bin Nayif, Milli Qvardiya naziri Şahzadə Abdullah bin Bəndər, İdman naziri Şahzadə Əbdüləziz bin Türki, eləcə də Məkkə bölgəsi əmirinin müavini Şahzadə Səud bin Məşəl, Ciddə valisi Şahzadə Səud bin Abdullah və Taif valisi Şahzadə Fəvvaz bin Sultan qatılıblar.
Qəbul çərçivəsində kral nəslinin onlarla digər şahzadəsi, Kral Divanının və Xarici İşlər Nazirliyinin müşavirləri, eləcə də mötəbər din xadimləri və vətəndaşlar vəliəhdi salamlayaraq ölkənin rifahı və təhlükəsizliyi naminə xoş arzularını çatdırıblar. Səudiyyə Ərəbistanının idarəetmə ənənəsinə uyğun olaraq keçirilən bu cür saray görüşləri rəhbərlik, kral sülaləsi, dini elita və ictimaiyyət arasındakı birbaşa təması və həmrəyliyi nümayiş etdirir.