Kanada dolları ABŞ dolları qarşısında mövqeyini gücləndirib
Kanada dolları ABŞ dolları qarşısında 0,2 faiz bahalaşıb. Milli pul vahidinin möhkəmlənməsinə neft qiymətlərinin yüksəlməsi və ölkənin xarici hesablar üzrə gözlənilmədən müsbət nəticə əldə etməsi təsir göstərib. Kanada ikinci rübdə 8,84 milyard Kanada dolları həcmində xarici hesab artıqlığı qeydə alıb. Halbuki iqtisadçılar 2 milyard Kanada dolları kəsir gözləyirdilər. Bu, ölkənin son dörd ildə qeydə aldığı ilk xarici hesab artıqlığıdır. Enerji məhsulları da daxil olmaqla mal ixracının artması göstəricinin yaxşılaşmasında mühüm rol oynayıb. ABŞ ilə ticarət gərginliyi isə Kanada dolları üçün əsas təhlükələrdən biri olaraq qalır. İqtisadçılar Kanada iqtisadiyyatının ikinci rübdə illik hesablamada 3,4 faiz artdığını gözləyirlər.
İranda bir ABŞ dolları 2 milyon riala çatdı - Bu pula indi nə almaq mümkündür?
İran rialı ABŞ dolları qarşısında yeni tarixi minimuma enib. Sərbəst bazarda bir ABŞ dolları artıq 2 milyon rialdan baha satılır. Rialın ucuzlaşması ABŞ-nin İrana qarşı yeni iqtisadi məhdudiyyətlərindən sonra sürətlənib. Müharibədən əvvəl 2 milyon riala təxminən 4 kiloqram pomidor almaq mümkün idi. Eyni məbləğlə yarım kiloqram toyuq əti və bir litrə yaxın duru yağ da almaq olurdu. Hazırda həmin pulun alıcılıq qabiliyyəti təxminən yarıya enib. Pomidor 71 faiz, toyuq əti 74 faiz bahalaşıb. Duru yağın qiymətində isə 177 faizlik artım qeydə alınıb.
İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent
ABŞ İranla əlaqəli maliyyə əməliyyatlarına qarşı yeni tədbirlər görəcəyini açıqlayıb. Maliyyə naziri Skott Bessent İran üçün çirkli pulların yuyulmasına yardım edən qurumları xəbərdar edib. Belə qurumların ABŞ dolları sistemindən çıxarılacağı bildirilib. Tədbirlər xarici bank və şirkətləri də əhatə edə bilər. Vaşinqton bununla İranın beynəlxalq maliyyə imkanlarını məhdudlaşdırmağa çalışır. Dollar sisteminə çıxışın itirilməsi hədəfə alınan qurumlar üçün ciddi maliyyə nəticələri yarada bilər. Bessent daha əvvəl İranın xarici iqtisadi əlaqələrinin kəsilməsinin ABŞ-nin əsas məqsədlərindən olduğunu bildirib. Məhdudiyyətlərin tətbiq ediləcəyi qurumların tam siyahısı hələlik açıqlanmayıb.
Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?
Efiopiyanın milli valyutası birr ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir. Mərkəzi bankın ilin əvvəlindən valyutanı dəstəkləmək üçün təxminən 2,2 milyard dollar xərcləməsinə baxmayaraq, birr dollar qarşısında rekord həddə yaxınlaşıb. “Bloomberg”in məlumatına görə, birr ilin əvvəlindən təxminən 3,2 faiz ucuzlaşıb və dolların məzənnəsi 162 birrə yaxınlaşıb. Paralel bazarda isə dollar təxminən 180 birrə satılır ki, bu da rəsmi məzənnədən təxminən 15 faiz yüksəkdir.
Kanada dolları son səkkiz həftənin zirvəsinə yüksəlib
Kanada dolları iyul ayı üzrə güclü məşğulluq göstəricilərinin açıqlanmasından sonra ABŞ dollarına qarşı son səkkiz həftənin ən yüksək səviyyəsinə yüksəlib. Ölkədə 75 100 yeni iş yeri yaradılıb, işsizlik isə 6,4 faizə enib. İqtisadi artımın davam etməsi və neft qiymətlərinin yüksəlməsi Kanada valyutasını dəstəkləyən əsas amillər kimi qiymətləndirilir.
Kanada bazarlarında iqtisadi nikbinlik güclənir
Kanada dolları ABŞ dollarına qarşı dəyər qazanıb. Buna güclü pərakəndə satış göstəriciləri və neft qiymətlərinin bahalaşması səbəb olub. May ayında pərakəndə satışlar 1 faiz artıb, iyun üzrə ilkin artım isə 0,4 faiz təşkil edib. Neftin qiyməti 92,40 dollara yüksəlib. İnflyasiya gözləntilərinin artması faiz dərəcələrinin yüksəldilməsi ehtimallarını gücləndirib. Baş nazir Mark Karni ABŞ-la ticarət mübahisəsində ölkənin maraqlarının qorunacağını bildirib. Kanada istiqrazlarının gəlirliliyi də yüksəlib.
Kanada dolları altı həftəlik enişdən sonra yüksəlir
Kanada dolları ölkə iqtisadiyyatında məşğulluq göstəricilərinin gözləntiləri üstələməsindən sonra ABŞ dollarına qarşı son üç həftənin ən yüksək səviyyəsinə yüksəlib. İyun ayında Kanada iqtisadiyyatı 18 200 yeni iş yeri yaradıb və işsizlik səviyyəsi 6,5 faizə enib. Bu göstəricilər investorların iqtisadi artımla bağlı narahatlıqlarını azaldıb. Kanada dolları həftə ərzində 0,5 faiz bahalaşaraq altı həftə ərzində ilk həftəlik artımını qeydə almağa yaxınlaşıb. Analitiklər hesab edirlər ki, müsbət məşğulluq məlumatları iqtisadi pessimizmi azaldır, lakin Kanada Mərkəzi Bankının faiz siyasətində ciddi dəyişiklik gözlənilmir. Eyni zamanda neft qiymətlərindəki artım və Hörmüz boğazındakı gərginlik də Kanada valyutasına təsir edən amillər sırasında qalır.
Kanada dolları son iki ilin ən böyük aylıq geriləməsinə doğru gedir
Kanada dolları ABŞ dolları qarşısında sabit qalsa da, ayı son iki ilin ən böyük aylıq dəyər itkisi ilə başa vurmağa hazırlaşır. Məzənnə 1 ABŞ dollarına qarşı 1,4205 Kanada dolları səviyyəsində formalaşıb. Gün ərzində məzənnədə cüzi dəyişikliklər qeydə alınıb. Son statistik göstəricilər Kanada iqtisadiyyatının gözləniləndən daha güclü artdığını göstərsə də, bu, milli valyutaya ciddi dəstək verməyib. İnvestorlar hazırda ABŞ–Meksika–Kanada Ticarət Sazişinin yenilənməsi ilə bağlı prosesləri diqqətlə izləyirlər. Qeyri-müəyyənlik bazarlarda ehtiyatlı əhval-ruhiyyəni qoruyur. Mütəxəssislər yaxın günlərdə veriləcək qərarların Kanada dollarının məzənnəsinə təsir göstərə biləcəyini bildirirlər.
Qızıl niyə ucuzlaşır? Təhlükəsiz liman statusu dəyişirmi?
Qızılın qiyməti son aylarda ciddi təzyiqlə üzləşərək bir unsiya üçün 4 min ABŞ dollarından aşağı enib. Bazar iştirakçıları artıq risklərdən və inflyasiyadan qorunmaq məqsədilə qızıla üstünlük vermək əvəzinə, ABŞ dollarının möhkəmlənməsinə və ABŞ-də faiz dərəcələrinin artırılacağı gözləntilərinə diqqət yetirirlər.
Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib - Mikayıl Cabbarov
Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib.Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "PASHA Holding" tərəfindən Bakıda təşkil olunmuş "INMerge Innovation Summit" zirvə toplantısında deyib.
Kanada Ukraynaya silah tədarükü üçün 1,45 dollar ayıracaq
Kanada hökuməti Kiyevə silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq. Söhbət bu ilin iyununda keçirilən “Yeddilər qrupu” (G7) sammitinin yekunları üzrə açıqlanmış yardım paketindən gedir. Hökumətin planına görə, 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, sursat, partlayıcı maddələr və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada dolları (491,5 milyon ABŞ dolları) isə NATO tərəfindən hazırlanmış Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq ABŞ istehsalı silahların alınmasına ayrılacaq.
Azərbaycan bu ilin son 5 ayında 316 milyon dollarlıq neft alıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 316,5 milyon ABŞ dolları dəyərində 644,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib. Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 99,2 milyon ABŞ dolları və ya 1,3 dəfə, həcm baxımından isə 97,5 min ton və ya 1,1 dəfə azalıb.