"Beşiktaş" "Volfsburq"un oyunçusu ilə razılığa gəlib
Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.
Son Hın Min MLS-də debüt qolunu vurub
ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində keçirilən oyunda “Dallas” öz meydanında “Los-Anceles”lə 1:1 hesablı heç-heçə edib. “Los-Anceles”in heyətində debüt qolunu cənubi koreyalı hücumçu Son Hın Min vurub.
"Qalatasaray" Davinson Sançes ilə müqaviləni uzadıb
Türkiyənin “Qalatasaray” klubu müdafiəçi Davinson Sançes ilə müqaviləni uzadıb. Bildirilib ki, peşəkar futbolçunun müqaviləsi 2028–2029 mövsümünün sonuna qədər qüvvədə qalacaq.
Rakitiç karyerasını başa vurub
37 yaşlı xorvatiyalı futbolçu İvan Rakitiç 2024-2025 mövsümünü “Hayduk” klubunda keçirərək bu gün futbolçu karyerasını rəsmən başa vurduğunu elan edib.