Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nepalda baş verən güclü daşqınların fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib.
ArabAZ xəbər verir ki,BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalın Rasuva rayonunda fəaliyyətini davam etdirir. Əməliyyatlarda pilotsuz uçuş aparatları vasitəsilə hava görüntülərinin əldə edilməsi, ərazinin tədqiqi və üçölçülü xəritələndirmə daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə olunur. Bu imkanlar itkin düşən şəxslərin axtarışını və zərərçəkən ərazilərə çıxışı sürətləndirməyə kömək edir.
BƏƏ indiyədək Nepala ümumilikdə 186 ton humanitar və yardım ləvazimatı daşıyan dörd yardım təyyarəsi göndərib. Yardımların tərkibinə çadırlar, ərzaq, sığınacaq vasitələri, zəruri əşyalar, elektrik generatorları və logistika avadanlıqları daxildir. Həmçinin yardımın zərərçəkənlərə daha operativ çatdırılması üçün bəzi zəruri ləvazimatlar Nepalın yerli bazarından alınıb.
Bundan əlavə, Dubay Polisinin tərkibindən xüsusi axtarış-xilasetmə qrupu qabaqcıl avadanlıq və texnologiyalarla Nepal hakimiyyətinə dəstək vermək üçün bölgəyə göndərilib. Qrup itkin şəxslərin axtarışı və zərərçəkən ərazilərin qiymətləndirilməsi işlərinə cəlb olunub.
BƏƏ-nin Yardım Əməliyyatları direktoru Həmud Əl-Əfari bildirib ki, ölkənin qrupları çətin şəraitdə Nepalın aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını dəstəkləmək üçün bütün mövcud resurs və texniki imkanlardan istifadə edir.