Qətər dəniz naviqasiyasının tam bərpa olunduğunu elan edib
Nəqliyyat Nazirliyi 26 iyul 2026-cı il bazar günündən etibarən bütün növ dəniz gəmiləri və qayıqları üçün dəniz naviqasiya fəaliyyətinin tam həcmdə bərpa olunduğunu elan edib. Nazirlik dənizdə hərəkətdə olan bütün tərəfləri qüvvədə olan dəniz qaydalarına və təlimatlarına ciddiliklə riayət etməyə çağırıb. Açıqlamada səfərdən əvvəl və səfər zamanı gəmilərdə zəruri olan bütün təhlükəsizlik və mühafizə avadanlıqlarının mövcudluğunun təmin edilməsinin vacibliyi vurğulanıb.
Türkiyədə liman və gəmi ekipajına nəzarət qaydaları dəyişdi
Türkiyədə dəniz nəqliyyatında istifadə olunan gəmilərin və gəmi heyətinin beynəlxalq qaydalara uyğunluğunun yoxlanılması və bu sahədə tətbiq olunacaq sanksiyalarla bağlı yeni qaydalar müəyyənləşdirilib. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan “Liman Dövləti Nəzarətinin Tətbiqi Qaydaları Haqqında Əsasnamə” rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib. Yeni əsasnaməyə əsasən, Türkiyənin dəniz yurisdiksiyasında fəaliyyət göstərən gəmilərin beynəlxalq tələblərə uyğunluğu, gəmi heyətinin iş və yaşayış şəraitinin standartlara cavab verib-vermədiyi yoxlanılacaq. Uyğunsuzluq aşkar edilərsə, müvafiq inzibati tədbirlər görüləcək. Eyni zamanda, liman dövləti nəzarəti aparacaq şəxslərin seçilməsi və fəaliyyətinə dair meyarlar da müəyyən olunub.