Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan və Özbəkistan arasında IV Regionlararası Forum çərçivəsində yeni əməkdaşlıq sənədləri imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Sənədlər energetika, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələri əhatə edir. Məqsəd iki ölkə arasında iqtisadi əlaqələri daha da şaxələndirməkdir. Yeni razılaşmalar işgüzar birliklər arasında birbaşa əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Özəl sektorun potensialından daha geniş istifadə olunması əsas hədəflərdən biri kimi göstərilir. Tərəflər yeni birgə layihələrin həyata keçirilməsini də planlaşdırırlar. Forumun nəticələrinin Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının daha da inkişafına təkan verəcəyi gözlənilir.
Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Azərbaycan və Özbəkistan Daşkənddə siyasi məsləhətləşmələrin növbəti mərhələsini keçiriblər. Danışıqlarda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov və Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov iştirak ediblər. Tərəflər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafını müzakirə ediblər. Qarşıdakı yüksək səviyyəli tədbirlərə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Sənaye sahəsində yeni birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. İkitərəfli ticarət dövriyyəsinin artırılması üçün mövcud imkanlardan daha geniş istifadə edilməsi razılaşdırılıb. Nəqliyyat, energetika, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı da müzakirə olunub. Tərəflər Azərbaycan–Özbəkistan praktiki əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək niyyətlərini ifadə ediblər.
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin daha bir konserti keçirilib
Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir. Mədəniyyəti günləri çərçivəsində dekabrın 15-də Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti keçirilib. Konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərləri əsasında hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub.