Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub
Sudanda minlərlə insan üçün nəzərdə tutulan BMT ərzaq yardımını daşıyan iki yük maşını həftəsonu hava hücumu nəticəsində məhv edilib. VOA xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) hadisənin bazar günü Cənubi Kordofan əyalətinin Dilling şəhəri yaxınlığında baş verdiyini açıqlayıb. Təşkilat hücuma kimin məsuliyyət daşıdığını müəyyənləşdirməyib.
Burhan dialoqa qoşulanlara müvəqqəti toxunulmazlıq vəd edib
Sudan Suveren Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan ölkədə milli dialoq prosesinə qatılan şəxslərə müvəqqəti hüquqi, siyasi və təhlükəsizlik təminatlarının veriləcəyini açıqlayıb. Burhan bildirib ki, müstəqil milli mexanizm tərəfindən idarə olunacaq dialoqda iştirak edən şəxslər barəsində mövcud cinayət təqibləri müvəqqəti dayandırılacaq. O, bu tədbirin amnistiya olmadığını və şikayətçilərin hüquqlarının qüvvədə qalacağını vurğulayıb.
Sudan ordusunun hərbi uğurları siyasi razılaşmaya çevrilə bilərmi?
Sudanda üç ildən artıqdır davam edən və ölkədə ağır humanitar böhran yaradan müharibənin başa çatdırılması məqsədilə ordu komandanı general Əbdülfəttah əl-Burhan genişmiqyaslı milli dialoq təşəbbüsü irəli sürüb. Təşəbbüsün əsas məqsədi ölkənin siyasi institutlarının yenidən qurulması, müharibənin dayandırılması və mülki hakimiyyətə keçid üçün zəmin yaradılmasıdır. İlkin məsləhətləşmələrə siyasi qruplar, texnokratlar, sufi liderlər, ənənəvi icma nümayəndələri, alimlər, vətəndaş cəmiyyəti təmsilçiləri və müstəqil şəxslərin cəlb edildiyi bildirilir.
Sudanda döyüşlər 5 mindən çox insanı didərgin saldı
Sudanın Qərbi Darfur bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi və silahlı toqquşmalar nəticəsində 10 kənddən 5 mindən çox insan evlərini tərk edib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, avqustun 8-də Qərbi Darfur əyalətinin Sarba bölgəsində 5 135 nəfər məcburi köçkün vəziyyətinə düşüb. Təşkilat bildirib ki, zərərçəkən ailələrin böyük hissəsi sərhədi keçərək Çada sığınıb.
Peyk görüntüləri: Sudanda Ordu Baş Qərargahında genişmiqyaslı yenidənqurma işləri aparılır
Yeni peyk görüntüləri Sudanın paytaxtı Xartumdakı Ordu Baş Qərargahı kompleksində və onun ətrafında genişmiqyaslı tikinti və yenidənqurma işlərinin aparıldığını göstərir. "Əl-Cəzirə" telekanalının Açıq Mənbələr Bölməsi tərəfindən təhlil edilən görüntülərə əsasən, Sudan Silahlı Qüvvələri kompleksdə köhnə tikililərin sökülməsi, ərazilərin yenidən planlaşdırılması və yeni obyektlərin inşasını əhatə edən genişmiqyaslı yenidənqurma proqramına başlayıb.
Sudanda islamçıların gələcəyi sual altındadır
Sudanda davam edən müharibə fonunda islamçı cərəyanın gələcəyi ciddi sual altına düşüb. Ordu ətrafında formalaşan yeni hərbi-siyasi ittifaqlar arasında maraq ziddiyyətləri mövcuddur. İslamçı qruplar daxili parçalanma və beynəlxalq təzyiqlərlə üzləşir. Bir qrup kompromis və siyasi prosesə inteqrasiyanı dəstəkləyir, digəri isə mövqelərini qorumağa çalışır. Analitiklər onların gələcəyinin qeyri-müəyyən olduğunu bildirir.
Əl-Faşirdə iki gün ərzində 300 qadın qətlə yetirilib
Sudanın qərbində, Şimal Darfur vilayətinin paytaxtı Əl-Faşir şəhərində son günlər baş verən qanlı hadisələr ölkədəki müharibənin ən dəhşətli mərhələlərindən birinə çevrilib.
Sudan 900 günlük döyüşdən sonra dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir
Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.