İsrailin Livana zərbələri davam edir
İsrail ordusu Livanın cənubuna yeni hava və artilleriya zərbələri endirib, bir sıra yaşayış məntəqələrində partlayışlar həyata keçirib. Eyni zamanda İsrailə məxsus pilotsuz uçuş aparatları paytaxt Beyrut və onun cənub ətrafında aşağı hündürlükdə uçuşlar həyata keçirib. Livan Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail hərbi aviasiyası Sur rayonunun Əl-Mənsuri qəsəbəsinə intensiv hava zərbələri endirib. Serbin və Vadi Zəbqin bölgələri də İsrailin hava və artilleriya atəşinə məruz qalıb. Beyt Yater və ətrafında da iki hava hücumu qeydə alınıb.
İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib
İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib. Bəraəşit yaşayış məntəqəsinin ətrafı hədəfə alınıb. Kəfər Rumman ərazisinin ətrafına fasilələrlə artilleriya atəşi açılıb. Bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. İsrail Livanın cənubunda hərbi fəaliyyətini davam etdirir. İsrail tərəfi hücumları Hizbullahın atəşkəs şərtlərini pozması iddiası ilə əsaslandırır. Livan tərəfi İsrail qüvvələrinin ölkə ərazisindəki mövcudluğuna etiraz edir. Davam edən hücumlar bölgədə gərginliyin yüksək olaraq qaldığını göstərir.
Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi
Qəzza zolağında uşaqların çərpələng uçurması İsrail ilə Fələstin arasında növbəti mübahisə mövzusuna çevrilib. İsrailin bununla bağlı “Sülh Şurası”na şikayət etməsindən sonra qurum Qəzzada çərpələng uçurulmasını da “silahlı fəaliyyət” kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz daha əvvəl çərpələng, pilotsuz uçuş aparatları və şarlardan istifadə dayandırılmadığı təqdirdə hərbi əməliyyatların gücləndiriləcəyi və həmin ərazilərdə yaşayan insanların təxliyə ediləcəyi barədə xəbərdarlıq ediblər.
İsrail Livanda dörd bölgəyə hücum etdi
İsrail ordusu Livanın cənubunda yerləşən Sur, Mərciyyun, Bint Cübeyl və Nəbətiyyə bölgələrinə hava və quru hücumları həyata keçirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail aviasiyası Sur şəhəri və ətraf yaşayış məntəqələrinə zərbələr endirib. Hücumlar zamanı bir sıra ərazilərdə yanğınlar baş verib, İsrailə məxsus hərbi sursat qalıqlarının partlaması nəticəsində bir nəfər yaralanıb.
Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib
Suriya İsrailin müdafiə naziri İsrael Katsın Cəbəl əş-Şeyx bölgəsinə səfərini pisləyib. Dəməşq onun Suriya ərazisinə daxil olmasını qanunsuz adlandırıb. Nazirlik bunu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Suriya Katsın addımının beynəlxalq hüquqa zidd olduğunu bildirib. Dəməşq 1974-cü il qüvvələrin ayrılması haqqında razılaşmanın da pozulduğunu vurğulayıb. Suriya beynəlxalq ictimaiyyəti İsrailin təkrarlanan addımlarının qarşısını almağa çağırıb. İsrail qüvvələrinin Suriya ərazilərindən tam çıxması tələb edilib. Dəməşq İsrail qüvvələrinin əvvəlki ayrılma xəttinə geri çəkilməsini istəyib.
İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu
İsrailin sağçı deputatı Tsvi Sukot İordan çayının qərb sahilində Fələstində həlak olanların xatirəsinə ucaldılmış memorialı dağıdıb. Hadisə İsrail daxilində həm hökumət, həm də müxalifət nümayəndələrinin sərt tənqidlərinə səbəb olub. Sukot Nablusun şimalındakı Madama kəndinə səfəri zamanı çəkiclə üzərində Fələstinlilərin adları yazılmış memorialı dağıdıb. Hadisənin İsrail hərbçilərinin iştirakı ilə baş verdiyi və görüntülərin sosial şəbəkələrdə yayıldığı bildirilib.
İsrailin hava zərbələri Livanın cənubundakı yaşayış məntəqələrini hədəfə alıb
İsrail Livanın cənubundakı əl-Mənsuri bölgəsinə və Sərbin yaşayış məntəqəsinə hava zərbələri endirib. Bölgədə artilleriya atəşi də davam edir. Hücumlar nəticəsində Litani çayı boyunca yanğınlar başlayıb. Deyr Mimas yaxınlığındakı Mərcəyun düzənliyində də alov yayılıb. Güclü külək yanğının meşəlik ərazilərə keçməsinə səbəb olur. Livanın yardım dəstələri alovun qarşısını almağa çalışırlar. Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri İsrail hücumlarında 4 350 nəfər həlak olub. Yaralananların sayı isə azı 12 310 nəfərə çatıb.
İsrailin BMT mərkəzinə basqını beynəlxalq hüququ pozur - Fələstin
Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qələndiya Mərkəzinə basqınını pisləyib. Nazirlik əməkdaşların mərkəzdən məcburi çıxarılmasına etiraz edib. Fələstin tərəfi baş verənləri beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb. Bəyanatda BMT obyektlərinin toxunulmazlığının qorunmalı olduğu vurğulanıb. Nazirlik basqının fələstinli qaçqınlara göstərilən xidmətləri hədəfə aldığını bildirib. Söhbət yardım, təhsil, səhiyyə və müdafiə xidmətlərindən gedir. Fələstin İsrailin obyektin zorla ələ keçirilməsi nəticəsində hər hansı hüquqi haqq əldə etmədiyini bildirib. Beynəlxalq ictimaiyyət Qələndiya Mərkəzinin qorunması üçün dərhal tədbir görməyə çağırılıb.
İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib
İsrailin müdafiə naziri İsrael Katz Suriyanın cənubundakı ərazilərə səfər edib və İsrailin bölgədə hərbi mövcudluğunu qoruyacağını bildirib. Katz İsrailin Qolan təpələrindəki Şeyx dağı və Suriyada yaradılan təhlükəsizlik zonasından təhdidlər davam etdiyi müddətdə çıxmayacağını deyib. İsrailin müdafiə naziri Suriya Prezidenti Əhməd əş-Şəraaya mesaj göndərərək, Dəməşqdəki prezident sarayından Şeyx dağına baxarkən İsrail qüvvələrini görməsinin ölkəsinin sərhədlərini və yaşayış məntəqələrini qorumaq məqsədi daşıdığını bildirib.
Qəzzada son sutkada İsrail hücumları nəticəsində azı 6 fələstinli ölüb
Qəzzada son 24 saat ərzində İsrail hücumları nəticəsində azı 6 fələstinli həlak olub. Daha 36 nəfərin yaralandığı bildirilir. Əvvəlki hücumlarda yaralanmış iki nəfər də aldıqları xəsarətlərdən həyatını itirib. Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabrındakı atəşkəsdən sonra azı 1 296 nəfər həlak olub. Bu müddətdə 4 296 nəfər yaralanıb. 2023-cü ilin oktyabrından bəri ölənlərin ümumi sayının 73 431 nəfərə çatdığı bildirilir. Yaralananların ümumi sayı isə 174 437 nəfərdir.
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail ordusu Livanın cənubundakı ərazilərə yeni zərbələr endirib. Bint Cübeyl bölgəsində Aynata və Həddasə kəndlərinin ətrafı artilleriya atəşinə tutulub. Məlumatı Livanın Milli Xəbər Agentliyi yayıb. Bölgədə İsrail pilotsuz uçuş aparatı ilə bağlı ayrıca hadisə də qeydə alınıb. Pilotsuz uçuş aparatının dağıntıları təmizləyən ekskavatorun üzərində uçarkən partladığı bildirilir. Hadisənin vurduğu ziyanın miqyası hələlik məlum deyil. Ölən və yaralananlar barədə də məlumat verilməyib. Son hadisələr Livanın cənubunda gərginliyin davam etdiyini göstərir.
İsrail qüvvələri Cəninin giriş və çıxışlarında nəzarəti artırıb
İsrail qüvvələri Cəninin bir sıra yolayrıclarında beton maneələr yerləşdirib. Həmin ərazilərdə müşahidə kameraları da quraşdırılıb. Tədbirlər Həddad dairəsi, Ümm ət-Tut və əs-Süveytat yolayrıclarını əhatə edir. Məlumatı Fələstinin WAFA xəbər agentliyi yayıb. İsrail hərbçilərinin Cəninin müxtəlif hissələrində yerləşdirildiyi də bildirilir. Şəhərin ətrafında müvəqqəti hərbi nəzarət-buraxılış məntəqələri yaradılıb. Bununla Cəninə giriş və çıxış yollarında nəzarət gücləndirilib. İsrail tərəfinin bu tədbirlərlə bağlı izahı barədə məlumat verilməyib.