Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?
ABŞ-da 3 noyabr 2026-cı ildə keçiriləcək aralıq seçkilər və İsraildə 27 oktyabr 2026-cı il parlament seçkiləri Donald Tramp və Benyamin Netanyahu üçün mühüm siyasi sınaq olacaq. Hər iki liderin seçicilərdən dəstək almaq üçün fərqli mövqelər nümayiş etdirməsi diqqət çəkir. ABŞ-da Nümayəndələr Palatasının 435 deputatı, Senatın isə 100 yerindən 35-i yenidən seçiləcək. Eyni zamanda 36 ştatda qubernator seçkiləri keçiriləcək. İsraildə isə Knesset seçkiləri hökumətin gələcək istiqamətini müəyyənləşdirə bilər.
Netanyahu Tramp qarşısında siyasi təsir imkanlarını nümayiş etdirmək təzyiqi altındadır
Analitik Rob Qeyst Pinfold Netanyahunun Ağ Evdə Donald Trampla görüşü zamanı siyasi təsir imkanlarını nümayiş etdirmək məcburiyyətində olduğunu bildirib. Onun sözlərinə görə, İsraildə İranla bağlı qərarların qəbulunda ölkənin rolunun məhdud olduğu barədə fikir formalaşıb. Ekspert ABŞ-İsrail münasibətlərinin həm ABŞ-də, həm də İsraildə müzakirə mövzusuna çevrildiyini qeyd edib. O, Vaşinqtonun Livan məsələsində İsrailin hərəkət azadlığını məhdudlaşdırdığını iddia edib. Pinfold ABŞ-nin dəstəyinin İsrailə üstünlüklər qazandırsa da, müəyyən məhdudiyyətlər yaratdığını vurğulayıb. Bu fikirlər analitikin şəxsi qiymətləndirməsi kimi təqdim olunub. Netanyahu və ABŞ administrasiyası bununla bağlı əlavə açıqlama verməyib.
Tramp Netanyahudan Suriya və Livandan qoşunların çıxarılmasını istəyib
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi telefon danışığında İsrail ordusunun Suriya və Livandakı hərbi mövcudluğunu azaltmasını və qoşunlarını geri çəkməsini istəyib. ABŞ və İsrail rəsmilərinin verdiyi məlumata görə, Tramp İsrail ordusunun Suriya ərazisində qalmasının regional gərginliyi artırdığını və daha genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini bildirib.
Tramp Netanyahunu “güclü müharibə dövrü baş naziri” adlandırıb
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu yüksək qiymətləndirib. O, Netanyahunu “güclü müharibə dövrü baş naziri” adlandırıb. Tramp bildirib ki, heç bir ABŞ Prezidenti İsrail üçün onun qədər iş görməyib. O, ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımasını əsas nümunələrdən biri kimi göstərib. Tramp Netanyahu ilə sıx əməkdaşlıq etdiyini də deyib. Netanyahunun yenidən seçilməsini istəyib-istəmədiyi barədə suala isə birbaşa cavab verməyib. ABŞ Prezidenti İsrail Baş nazirinin daxili siyasəti barədə məlumatsız olduğunu bildirib. Bununla belə, Tramp Netanyahunun yaxşı iş gördüyünü düşündüyünü əlavə edib.
Netanyahu Trampı nazirlərindən qorumağa çalışır
İsrailin Baş naziri Binyamin Netanyahu hökumət üzvlərinin ABŞ Prezidenti Donald Tramp və Vaşinqtonun İranla əldə etdiyi razılaşma barədə səsləndirdiyi tənqidi fikirlərin onun şəxsi mövqeyini əks etdirmədiyini amerikalı tərəfdaşlara çatdırmağa çalışır. Məlumata görə, Netanyahu son günlər Ağ Evlə münasibətlərdə yaranan gərginliyi azaltmaq üçün bir sıra addımlar atır. Baş nazir israilli nazirlərin sosial şəbəkələrdə paylaşdıqları və ABŞ-İran razılaşmasını, eləcə də Donald Trampı hədəf alan açıqlamalarına münasibət bildirərək, həmin fikirlərin hökumət rəhbərinin rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini izah etməyə çalışıb.
Vens Netanyahunu tənqid etdi: “Səhvlərə yol verib”
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonla münasibətlərdə müəyyən səhvlərə yol verdiyini etiraf edib. Bununla yanaşı, o, İsrail liderinin ABŞ üçün mühüm tərəfdaş olaraq qaldığını vurğulayıb. Vitse-prezident bildirib ki, ABŞ və İsrail arasında strateji tərəfdaşlıq davam etsə də, iki ölkənin maraqları hər zaman üst-üstə düşmür.
Bombaları dayandırın - ABŞ Konqresində İsrailə silah tədarükünü dayandırmaq istəyənlər artır
ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrailə hücum xarakterli silahların tədarükünün qismən dayandırılmasını nəzərdə tutan qanun layihəsinin tərəfdarlarının sayı son bir ildə əhəmiyyətli dərəcədə artıb. Bir il əvvəl təqdim edilən təşəbbüs ilkin mərhələdə yalnız 21 demokrat qanunvericinin dəstəyini qazansa da, hazırda layihənin həmmüəlliflərinin sayı 73 nəfərə çatıb.