Liviyada elektrik stansiyalarında partlayışlar: Ölkənin qərbi qaranlığa qərq oldu
Liviyanın qərbində elektrik stansiyaları və neft obyektlərində baş verən partlayışlar genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Paytaxt Tripoli ilə yanaşı, Surman, Zaviya və Sabrata şəhərlərində elektrik enerjisinin verilişi dayanıb. Liviya Baş Elektrik Şirkətinin məlumatına görə, Zaviya şəhərindəki elektrik stansiyasında baş verən partlayış nəticəsində bir neçə generator bloku fəaliyyətini dayandırıb. Texniki qruplar əraziyə göndərilib və elektrik enerjisinin mərhələli şəkildə bərpası üçün işlər aparılır. Partlayışın səbəbi açıqlanmayıb.
Körfəz ölkələri strateji obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirir
Körfəz ölkələri artan regional gərginlik fonunda təhlükəsizlik tədbirlərini gücləndirirlər. Strateji əhəmiyyətli obyektlər, o cümlədən neft və qaz müəssisələri, hava limanları və dəniz suyunun şirinləşdirilməsi qurğuları xüsusi mühafizəyə götürülüb. Hava hücumundan müdafiə sistemləri gücləndirilir, orduların döyüş hazırlığı artırılır. Bəhreyn İran istiqamətindən buraxıldığı bildirilən çoxsaylı pilotsuz uçuş aparatını və raketi zərərsizləşdirdiyini açıqlayıb. Ekspertlər genişmiqyaslı münaqişənin strateji infrastruktura zərər vura biləcəyini bildirirlər. Onların fikrincə, belə bir ssenari regional təhlükəsizlik və dünya iqtisadiyyatı üçün ciddi risk yaradar. Buna görə də bölgə ölkələri qarşıdurmanın diplomatik yolla həllinə üstünlük verirlər. Dialoqun təşviqi hazırda Körfəz dövlətlərinin əsas prioritetlərindən biri hesab olunur.