2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarlara 1191 lisenziya verilib. Onlardan 807-si elektron formada təqdim olunub. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 20 min 220 lisenziya təqdim edilib. Verilən lisenziyaların əsas hissəsi tikinti, əczaçılıq, özəl tibb və rabitə sahələrini əhatə edib. Elektron lisenziyaların sayı 2018-ci ildən etibarən 7963-ə çatıb. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Sahibkarlar müraciətləri "ASAN xidmət", KOB evləri və elektron portal vasitəsilə edə bilərlər. Sənədlər düzgün təqdim edildikdə lisenziya ən geci 10 iş günü ərzində təqdim olunur.
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilməyib. VOA xəbər verir ki, Akkreditasiya Şurası ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyasını "uyğun deyil" kimi qiymətləndirib. Qiymətləndirmə zamanı dövlət təhsil standartları və keyfiyyət təminatı tələbləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb. Bunun əsasında Elm və Təhsil Nazirliyi universitetin fəaliyyətinin dayandırılması ilə bağlı hüquqi prosedurlara başlayıb. İqtisadiyyat Nazirliyi isə universitetə verilmiş lisenziyanı ləğv edib. Nazirlik tələbələrin təhsilinin yarımçıq qalmayacağını və onların digər ali təhsil müəssisələrinə köçürüləcəyini açıqlayıb. Rəsmi qurum akkreditasiyanın əsas məqsədinin ali təhsildə keyfiyyətin təmin olunması və tələbələrin hüquqlarının qorunması olduğunu vurğulayıb.