6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

Malazgirt döyüşü haqqında nə bilirik?

Böyük Səlcuq dövlətinin qurulmasına zəmin yaradan Dəndənəkan döyüşündən (431/1040) sonra Mərv şəhərində toplanan böyük qurultayda “cihan hakimiyyəti” ideyası əsasında müəyyən edilən fəth planları çərçivəsində Səlcuqlar xüsusilə qərb istiqamətində geniş yürüşlərə başladılar. Anadolunu türk yurdu etmək uğrunda aparılan bu mübarizələrdə Səlcuq qüvvələri Sivasadək irəliləmiş, burada yerləşən Bizans qalaları və istehkamlarını geniş şəkildə dağıtmışdılar.

26 Avqust 2025 10:42
Baku
Malazgirt döyüşü haqqında nə bilirik?

BAKI, AzerVoice

Böyük Səlcuq dövlətinin qurulmasına zəmin yaradan Dəndənəkan döyüşündən (431/1040) sonra Mərv şəhərində toplanan böyük qurultayda “cihan hakimiyyəti” ideyası əsasında müəyyən edilən fəth planları çərçivəsində Səlcuqlar xüsusilə qərb istiqamətində geniş yürüşlərə başladılar. Anadolunu türk yurdu etmək uğrunda aparılan bu mübarizələrdə Səlcuq qüvvələri Sivasadək irəliləmiş, burada yerləşən Bizans qalaları və istehkamlarını geniş şəkildə dağıtmışdılar.

O dövrdə Bizans imperatoru IV Roman Diogen idi. Türk hücumlarının artmasını dayandırmaq üçün o, müxtəlif xalqlardan toplanmış bir ordu ilə 1068-ci ilin martında Anadoluya yürüş etdi və Maraşadək irəlilədi. Lakin qəti qələbə qazana bilmədən geri döndü. Yenidən başlayan Səlcuq axınlarına göndərdiyi qüvvələr məğlub olduqda imperator Sivas və Malatyaya iki ordu göndərdi, özü də üçüncü ordu ilə şəxsən yürüş edərək Harput ətrafına qədər gəldi. Amma Səlcuq qüvvələrinin Konya başda olmaqla Mərkəzi Anadolunun bir çox şəhər və kəndlərini ələ keçirməsi qarşısında uğur qazana bilməyərək 1069-cu ildə Konstantinopola qayıtmağa məcbur oldu.

1070-ci ildə isə saray daxilindəki müxalifət səbəbindən paytaxtdan ayrıla bilməyən imperator ən etibarlı sərkərdələrinin rəhbərliyində göndərdiyi ordularla da nəticə əldə edə bilmədi. Nəhayət, Roman Diogen 1071-ci il martın 13-də Ayasofya kilsəsində keçirilən möhtəşəm mərasimdən sonra daha güclü bir ordu ilə yola çıxdı. Müxtəlif mənbələr bu ordunun sayını 600 min göstərsə də, əslində təqribən 200 min nəfər olduğu ehtimal edilir. Ordu Balkanlardan gəlmiş Peçenek, Qıpçaq və Xəzər türklərindən, eləcə də slavyan, alman, bolqar, frank, erməni və gürcülərdən ibarət idi.

Eyni vaxtda Səlcuq sultanı Alp Arslan da əvvəldən planlaşdırdığı fəth niyyəti ilə Xorasan tərəfdən Misirə doğru yürüş edirdi. O, Hələb önlərinə gəlib şəhəri qısa müddət mühasirəyə aldı. Lakin şəhərin hakimi Mirdasi əmiri Mahmud itaətini bildirəndə Alp Arslan Hələbdən ayrılaraq Misirə tərəf hərəkət etdi. Yolda Roman Diogenin elçisi çataraq sultandan Mənbic, Ahlat və Malazgirdin qaytarılmasını tələb etdi. Əks halda ordusu ilə yürüş edəcəyini söylədi. Başqa mənbələrdən Bizans ordusunun artıq çoxdan yola çıxdığını öyrənən sultan elçini sərt cavabla geri qaytardı və Misir yürüşünü yarımçıq saxlayıb Diyarbəkir istiqamətinə yönəldi.

Bizans ordusu Malazgirdi tutub əhalisini qılıncdan keçirmişdi. Alp Arslan Ahlata doğru hərəkət etdi. Bu arada Bizans imperatoru 20 minlik qüvvəni şimala, 30 minlik qüvvəni isə Ahlata göndərdi. Lakin Səlcuq süvariləri bu qüvvələri geri çəkilməyə məcbur etdilər. Daha sonra imparatorun göndərdiyi Basilakesin ordusu məğlub edildi, Basilakes əsir alındı və yanında daşıdığı böyük xaç Səlcuqlara keçdi. Alp Arslan bu xaçı qələbə rəmzi olaraq Bağdaddakı Abbasi xəlifəsinə göndərdi. Beləliklə, böyük qarşılaşmadan əvvəlki bütün toqquşmalarda qalibiyyət Səlcuqlara məxsus oldu.

Bizans ordusu 200 min nəfər olsa da, müxtəlif xalqlardan toplandığı üçün birliyə malik deyildi. Alp Arslanın ordusu isə təqribən 50 min nəfər idi və hamısı eyni ideal uğrunda vuruşurdu. Sultanın yanında Anadoluya və Bizansa yaxşı bələd olan Gevherayin, Afşin, Savtəgin, Sunduk və Ay Təgin kimi sərkərdələr, həmçinin Artuk, Dəmirşəmənd, Saltuq, Mengücüq, Çavlı, Çavuldur və Porsuq kimi ən dəyərli əmirlər vardı.

Alp Arslan Ahlat-Malazgirt arasındakı Rahvə düzündə ordugah qurdu (24 avqust 1071). Daha sonra guya sülh təklifi adı altında imperatora elçilər göndərdi. Əslində isə Bizans ordusunun vəziyyətini öyrənmək istəyirdi. Lakin Roman Diogen bu təklifi zəiflik əlaməti sayaraq rədd etdi.

Savaşın qaçılmaz olduğunu anlayan Alp Arslan ordusunu düzənə saldı, pusular qurdu. Cümə günü (26 avqust 1071) ordusuna xitab edərək dedi:

“Əgər qalib gəlsək, arzu etdiyimiz nəticə gerçəkləşəcək. Əgər məğlub olsaq, şəhid olaraq cənnətə gedəcəyik. Bu gün burada nə əmr verən bir sultan, nə də əmr alan bir əsgər var. Mən də sizinlə bərabər döyüşəcəyəm.”

Sultan ağ geyimlərini əyninə geyib “ölərsəm, bu mənim kəfənim olsun” dedi və hücumu başlatdı.

Səlcuqlar saxta geri çəkilmə hərəkatı ilə Bizans mərkəz qoşunlarını pusulara çəkdilər. Səlcuq süvariləri hücuma keçəndə Alp Arslan da geri çəkilən qoşunlarını döndərib yenidən hücuma qaldırdı. Bizans ordusunun sağ cinahındakı türklər isə başçıları ilə birlikdə Səlcuq tərəfinə keçdi. Bu da ordunun dağılmasına səbəb oldu. Nəticədə Bizans ordusu darmadağın edildi, əksəriyyəti qılıncdan keçirildi, imperator Roman Diogen əsir düşdü.

Alp Arslan imperatora əsir yox, qonaq hökmdar kimi rəftar etdi. Onların arasında imzalanan müqaviləyə görə:

İmperator 1,5 milyon qızıl fidyə verəcəkdi.

Bizans hər il 360.000 qızıl vergi ödəyəcəkdi.

Bütün müsəlman əsirlər azad ediləcəkdi.

Bizans lazım gəldikdə Səlcuqlara hərbi yardım göstərəcəkdi.

İmperator qızlarından birini sultanın oğluna verəcəkdi.

Antakya, Urfa, Mənbic və Malazgirt Səlcuqlara təhvil veriləcəkdi.

Lakin bir gün sonra Bizans Senatı Romanosu taxtdan saldı və gözlərinə mil çəkdirərək həbs etdilər.

Alp Arslan qələbəni bütün İslam hökmdarlarına və Abbasi xəlifəsinə xəbər verdi. Xəlifə ona xüsusi titullar verdi, hökmdarlar təbriklər və hədiyyələr göndərdilər. Şairlər və tarixçilər bu zəfəri Yərmuk və Qadisiyyə kimi böyük islam qələbələrinə bənzətdilər.

Malazgirt döyüşü Türk və dünya tarixində dönüş nöqtəsi oldu. Bu zəfərdən sonra türklər qısa müddətdə Anadoluya yayıldılar, fəth etdikləri torpaqları vətənə çevirdilər və yeni türk dövlətlərinin əsasını qoydular.

Məqalədə: #Sivas #Malazgirt döyüşü #Mərv şəhəri #Bizans imperatoru IV Roman Diogen #Böyük Səlcuq dövləti #Səlcuq sultanı Alp Arslan

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün - 2 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 2 Sentyabr

2 Sentyabr 00:01
Öldürülərək cəsədi Dəcləyə atılan Abbasilər dövlətinin qurucusu və tarixin sirli qəhrəmanı Əbu Müslim Xorasani kimdir?
Bioqrafiya: Tanınmış simalar

Öldürülərək cəsədi Dəcləyə atılan Abbasilər dövlətinin qurucusu və tarixin sirli qəhrəmanı Əbu Müslim Xorasani kimdir?

10 May 16:21
Türklər Anadoluya gəldikdə orada kimlər vardı?
Tarixdə bu gün

Türklər Anadoluya gəldikdə orada kimlər vardı?

3 Yanvar 13:04
Türklərin Anadoluya gəlişi necə baş verdi?
Tarixdə bu gün

Türklərin Anadoluya gəlişi necə baş verdi?

1 Yanvar 13:02

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.