Bakı,ArabAZ

Qətər şirkəti “Barzan Holdings” Azərbaycanla dronlarla mübarizə üçün həllərin inkişafı və müdafiə sahəsində süni intellektin istifadəsi üzrə əməkdaşlıq etməyi planlaşdırır.

ArabZ xəbər verir ki , bu barədə Trend-ə özəl müsahibəsində “Barzan Holdings” şirkətinin strateji imkanlar üzrə baş direktoru Anzan Al-Naimi Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində məlumat verib.

“Qətər və Azərbaycan arasında uzunmüddətli əlaqələr mövcuddur. Əməkdaşlığımızın əsas istiqamətlərindən biri hərbi və müdafiə sahəsidir. Vizyonumuz, demək olar ki, sərhədsizdir, lakin bu, gələcəkdə bazarın tələblərindən asılı olacaq. Dronlarla mübarizə üçün həllərin inkişafı və müdafiə sahəsində süni intellektin istifadəsi gələcək prioritetimiz olacaq”, – o vurğulayıb.

Anzan Al-Naimi qeyd edib ki, hazırda “Barzan Holdings” Azərbaycanla həm daxili, həm beynəlxalq bazar, həm də ordunun ehtiyacları üçün tekstil istehsalını nəzərdə tutan fabrikin tikintisi üzrə layihə hazırlayır. Beləliklə, şirkət müdafiə məqsədləri üçün nəzərdə tutulmuş tekstil istehsal edir.

O, həmçinin, ADEX sərgisinin Azərbaycan və Qətər arasındakı iqtisadi münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb.

“ADEX sərgisi Qətər üçün Azərbaycan bazarına çıxmağa imkan verən çox mühüm tədbirdir. Biz əvvəlki sərgilərə qatılmışıq, lakin bu il ilk dəfədir ki, iştirak edirik və ümid edirəm ki, sonuncu dəfə deyil. Qətərlə Azərbaycan arasında münasibətlər, eləcə də, biznes imkanları artmaqda davam edir, ona görə də sərgidə iştirakımız sonuncu olmayacaq”, – şirkətin nümayəndəsi əlavə edib.

Onun sözlərinə görə, ADEX-in strateji səviyyədə əhəmiyyətli təsiri var. Bu, əslində, həm Azərbaycanda, həm də Qətərdə imkanların lokallaşdırılmasıdır ki, bu da hər iki ölkənin iqtisadiyyatının möhkəmlənməsinə kömək edəcək. İqtisadi baxımdan “Barzan Holdings” hər iki dövlətin bazarlarına daxil olur, həm daxili, həm də beynəlxalq bazarlara xidmət etmək üçün Azərbaycanda imkanlar və iş yerləri yaradır. Beləliklə, sərgi İqtisadiyyat və Müdafiə Sənayesi sektorlarına dəstək verir, həmçinin, əməkdaşlığın inkişafına kömək edir.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version